Noyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Thomson Reuters” təşkilatı tərəfindən akademiyanın alim və mütəxəssisləri üçün ““Web of Science” Məlumat Platforması: müasir elmi nəşrlərin beynəlxalq standartları” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində məqsəd AMEA-nın elmi müəssisələrinin alim və mütəxəssisləri üçün beynəlxalq “Web of Science” Məlumat Platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanışlıq idi.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bu ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Müqavilə çərçivəsində AMEA-nın elmi müəssisələri üçün “Web of Science” Məlumat Platformasından istifadə imkanının yaradıldığını deyib. Təşkilatla əməkdaşlığı yüksək qiymətləndirən akademik seminarın alim və mütəxəssislər üçün qlobal elmi bazaya çıxış təcrübəsi qazanmaq baxımından faydalı olacağını bildirib.
Seminarda təqdimatla çıxış edən “Thomson Reuters” təşkilatının MDB ölkələri üzrə nümayəndəsi Valentin Boqorov “Web of Science” Məlumat Platforması haqqında danışıb. Bildirib ki, bu platformada elmi nəşrlərin aparıcı beynəlxalq məlumat bazası, elmi istinadların məlumat bazası, eləcə də elmi tədqiqatlar üçün bir sıra başqa məlumat bazaları yerləşir. V.Boqorov təbiət, texnika, ictimai, humanitar və digər sahə elmləri üzrə elmi jurnalların göstəriciləri, beynəlxalq istinad səviyyəsi haqqında da məlumat verib.
Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.