Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Heydər Əliyev və kitabxana – nəsillərdə yaşayan ənənə" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ulu öndərin hakimiyyətdə olduğu illərdə kitabxananın əsaslı inkişaf yolundan danışıb. Bildirib ki, ulu öndərin ictimai-siyasi fəaliyyətinin mühüm məqsədlərindən biri müasirlərimizdə tarixi yaddaş duyğusunu gücləndirmək, öz dilinə, ədəbiyyatına sahib çıxmaq, bununla da əcdadlarımızın yaratdığı mənəvi sərvətlərə həqiqi varis, torpağa əsl sahib formalaşdırmaq idi. Bu baxımdan kitabxananın hazırda üzərində çalışdığı Milli Rəqəmsal Yaddaş, Vikipediya və digər layihələr, həyata keçirdiyi elektron kataloqlaşdırma, qanunvericiliyə dair təkliflər və digər təşəbbüslər MEK-ə oxucu icmasını formalaşdırmaq və akademik icmanın mərkəzinə çevrilmək imkanı verir.
L.İmanova ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkəmizdə kitabxana işinin təkmilləşdiririlməsi istiqamətində atdığı addımlardan da danışıb.
Tədbirdə MEK-in əməkdaşları təqdimatla çıxış ediblər. Təqdimatda kitabxananın yeni informasiya tipli müəssisə olaraq milli-mədəni sərvətlərimizin mühafizəsi işində rolundan, bir çox dövlət sənədlərində kitabxanalar üçün müəyyən olunmuş vəzifələrə uyğun olaraq fəaliyyətindən bəhs olunub.
Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevlə bağlı MEK-ə hədiyyə olunmuş kitabların sərgisi də təşkil edilib. Bildirilib ki, kitabxananın sərgi salonunda və Akademiklər zalının ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən guşəsində ümummilli lider irsinə dair 252 adda kitab saxlanılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.