AMEA-nın Fizika İnstitutunda “Ümumi fizika” ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovun sədrlik etdiyi imtahan komissiyasına bu müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, elmi katib, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov, fizika-riyaziyyat elmləri doktorları Abasət İsayev, Mirbaba Babayev və İlham Həsənov daxildirlər.
Test üsulu ilə keçirilən imtahanda doktoranturaya sənəd verən 11 nəfərdən 10-u iştirak edib. 2016-2017-ci il tədris ili üçün fəlsəfə doktoru üzrə hazırlığa Fizika İnstitutuna əyani doktoranturaya 5 yer ayrılıb.
Bundan sonra onlar xarici dildən və fəlsəfədən də imtahan verəcəklər. İmtahanlar bitdikdən sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.