Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.01.2017 15:10
  • A-
  • A
  • A+

Professor Namiq Əliyevə “Vətən övladı” ordeni təqdim olunub

Professor Namiq Əliyevə “Vətən övladı” ordeni təqdim olunub

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda hüquq elmləri doktoru, professor Namiq Əliyevə “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi “Vətən övladı” ordeninin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Lalə Əhmədova N.Əliyevin ölkəmizdə hüquq elminə verdiyi böyük töhfələrdən danışıb. Bildirib ki, o, hər zaman əsl vətəndaş, alim mövqeyindən çıxış edib, Vətəninə, xalqına vicdanla xidmət edib, Hüquq və İnsan Haqları İnstitutu ilə daim sıx əlaqə saxlayıb. 

L.Əhmədova vurğulayıb ki, N.Əliyev 1995-ci ildə Azərbaycan Konstitusiyası layihəsinin, eləcə də parlament tərəfindən qəbul edilmiş 100-dən artıq qanun layihəsinin hazırlanmasında yaxından iştirak edib. O, Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun təsis etdiyi “Dirçəliş-XXI əsr” jurnalının redaksiya heyətinin üzvüdür.

Tədbirdə çıxış edən “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov qeyd edib ki, Namiq Əliyev 6 beynəlxalq və milli akademiyanın (Moskva, İnsburq, Tbilisi, Nyu-York) həqiqi üzvü, 4 universitetin (Gürcüstan, Moldova Respublikası) isə fəxri doktorudur. Azərbaycan Respublikası Milli Məclisində, Ədliyyə Nazirliyində, Bakı Dövlət Universitetində yüksək vəzifələrdə çalışıb. N.Əliyev, həmçinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisəsinin təhqiq edilməsi üzrə deputat-istintaq komissiyasının üzvüdür. Alimin 20 monoqrafiyası, kitabı, 100-dən artıq elmi məqaləsi, yüzlərlə publisisitik məqaləsi çap olunub. Onun “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” adlı monoqrafiyası 7 ölkədə müxtəlif dillərdə nəşr edilib. Kişinyovda Moldova dilində nəşr olunan “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı 2012-ci ildə Moldovanın Mədəniyyət Nazirliyi və YUNESKO-nun Moldova Milli komissiyası tərəfindən diplomla təltif olunub.

Digər çıxış edənlər də N.Əliyevin elmi, pedaqoji fəaliyyətindən bəhs ediblər. Bildiriblər ki, alimin kitabları, elmi-metodiki işləri  Azərbaycanla yanaşı, Avstriya, Belçika, Macarıstan, Polşa, Rumıniya, Fransa  və digər ölkələrdə nəşr olunub.

Sonda mükafat sahibinə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: