Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mərkəzi Elmi Kitabxananın "Nadir kitab fondunun inciləri"nin təqdimatı keçirilib
06.03.2017 09:23
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın "Nadir kitab fondunun inciləri"nin təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Nadir kitab fondunun inciləri”nin təqdimatı olub.

Tədbirdə kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bu cür təqdimatların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbaycan haqqında həqiqətləri geniş ictimaiyyətə çatdırmaqdır.

L.İmanova “Azərbaycan tarixi dünya rəssamlarının əsərində" albomunun çapa verildiyini və bir neçə ay ərzində istifadə olunacağını qeyd edib.

Daha sonra çıxış edən kitabxananın Nadir kitab fondunun rəhbəri Gülarə Xələfova hazırda Nadir fondda 15037 nüsxə ədəbiyyatın qorunub saxlandığını, bunlardan 759 nüsxənin XX əsrin 30-cu illərində nəşr olunmuş Azərbaycan dilində ədəbiyyat olduğunu diqqətə çatdırıb. Bildirib ki, Fondda nəşr tarixinə görə ən qədim kitab 1508-ci ildə qədim latın dilində çap olunmuş “Aristotelin iqtisadiyyatına dair Leonardo Aretininin fikirləri” adlı ədəbiyyatdır. Nadir fondun həcmcə ən iri kitabı (54x64 sm) Edvard Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebıl – London, 1893” əsəridir. Ən kiçik kitab (3,5x4,5 sm) Belarus şairi Yanka Kupalanın şeirlər məcmuəsidir. Fondda tərtibatı ilə xüsusi olaraq seçilən ədəbiyyat isə firuzə qaşlarla bəzədilmiş “Ebers G.Aegypten: İm Bild und Wort. – Stutgart; Leipzig, 1879” kitabıdır.

Nadir kitab fondunun əməkdaşı Leyla Ələkbərli Azərbaycan fondunun incilərindən bəhs edərək qeyd edib ki, “Azərbaycan miniatürləri”, “Azərbaycan tarixi muzeyinin sikkə kolleksiyası” və “Azərbaycanın sikkələri” kimi nəşrlər də fondun incilərindən sayılır.

Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva, Memarliq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müasir etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emil Kərimov, Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fuad Tağıyev, Ənvər Məmmədov və Ramil Niftəliyev kitabxanadan müntəzəm olaraq istifadə etdiklərini və buradakı şəraitdən razı qaldıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: