AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib.
Akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən tədbirdə 1-i elmlər doktorluğu, 20-i fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 21 dissertasiya mövzusunun müzakirəsi aparılıb.
Əvvəlcə akademik R.Hüseynov şuraya elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramları üzrə daxil olan doktorant və dissertantların mövzuları, rəhbərləri və məsləhətçiləri barədə məlumat verib.
Tədbirdə elmlər doktoru hazırlığı proqramı üzrə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Gülnarə Həsənovanın “XX əsrin əvvəlləri və müasir dövr Azərbaycan ədəbiyyatında Lev Tolstoy yaradıcılığının resepsiyası” mövzusunun adında düzəliş edilərək “Lev Tolstoy yaradıcılığının Azərbaycan ədəbiyyatında resepsiyası” şəklində təsdiq edilib.
Fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə “Komponentlərindən biri heyvan adı olan fitonimlərin struktur-semantik xüsusiyyətləri və linqvokulturoloji təhlili”, “İngilis və Azərbaycan dillərində kauzativ feillərin praqmatik-koqnitiv xüsusiyyətləri”, “Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk problemi”, “XX əsrdə Azərbaycan Yazıçılar Birliyindəki ədəbi müzakirələrin yaradıcılıq prosesləri və ədib talelərinə təsiri”, “Müasir ingilis dilində funksional-semantik inkarlıq kateqoriyası”, “Rus tarixi romanlarında qəhrəman problemi (1930-1960-cı illər)” və digər dissertasiya mövzularının adlarında müəyyən düzəlişlər edilməklə, dəqiqləşdirmələr aparılmaqla təsdiq edilib.
Beləliklə, iclasda 9-nun adında dəyişiklik edilməklə, 15 dissertasiya mövzusu təsdiq edilib. 6 nəfərin mövzusu isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib.
Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları Atamoğlan Həsənov, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qulu Məhərrəmli, Seyfəddin Rzasoy çıxış edərək fikir və təkliflərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.