AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “İşığa gedən yol” kitabının təqdimatı keçirilib.
Tədbiri açan MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova tarixi həqiqətlərin çatdırılmasında Sona Vəliyevanın müəllifi olduğu kitabların mühüm əhəmiyyət daşıdığını söyləyib. O, bu kitabların MEK-in elektron kataloquna, o cümlədən Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli isə kitabın olduqca maraqlı bir dövrü əhatə etdiyini, tarixi və ədəbi dəyərlər arasında bədii körpü yaratmaq baxımından önəmli missiya daşıdığını vurğulayıb. Professor kitabın rəmzi mənasını istiqlala gedən yol kimi xarakterizə edərək Həsən bəy Zərdabi yaradıcılığının cəhalətlə savaş olduğunu söyləyib.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Sona Vəliyeva yalnız əsərləri ilə deyil, təhsil sisteminə verdiyi töhfələrlə də Həsən bəy Zərdabinin davamçısıdır. O, xarici təsirlərin qarşısında ancaq keçmişimizə sahiblənərək, tarixi şəxsiyyətlərimizi təbliğ edərək mübarizə apara biləcəyimizi bildirib.
Tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru, millət vəkili Vüqar Rəhimzadə və başqaları çıxış edərək bildiriblər ki, “İşığa gedən yol” kitabı modern tarixi romançılığın ən gözəl nümunəsidir. Tarixin ədəbiyyatda yaşaması fikrinin bu kitabda daha real əks olunduğunu bildirən natiqlər nəşrin Azərbaycanın mətbuat tarixinin öyrənilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.
Sonda çıxış edən əsərin müəllifi Sona Vəliyeva romana başlamazdan öncə maraqlı və yeni obrazlarla əsəri zənginləşdirdiyini, Zərdabinin mütərəqqi ideyalarını dövrünün müasirlərinə də aşıladığını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.