Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında AMEA elmi müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və Rəyasət Heyətinin məsul əməkdaşları iştirak ediblər.
İlk olaraq AMEA-nın elmi müəssisələrində analitik cihazların səmərəli istifadəsinin monitorinqinin nəticələri müzakirə olunub. Məsələ ilə bağlı AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin baş mütəxəssisi Arzu Əlizadə bildirib ki, mərkəz ümumilikdə beş institutda cihaz və avadanlıqların monitorinqini aparıb: “Cihazların real vəziyyətini öyrənməkdə məqsəd institutları ISO 17025 standartının tələblərinə uyğun akkreditasiyaya hazırlamaqdır” - deyən A.Əlizadə monitorinqin AMEA-nın digər elmi müəssisələrində də keçiriləcəyini qeyd edib.
Tədbirdə İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev AMEA-nın Yüksək Texnologiyalar Parkında həyata keçirilən layihələr, innovativ yeniliklərin istehsalatda tətbiqi haqqında danışıb. F.Abdullayev həmçinin AMEA ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası arasında elmi-texniki və təhsil sahələrində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən yerinə yetirilən layihələr üzrə sınaqların yekunlaşdığını bildirib.
Sonra Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov AMEA-nın doktoranturasında 2016-cı ilin qış imtahan sessiyasının yekunlarını təqdim edərək ixtisas, xarici dil və fəlsəfə fənni üzrə doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini diqqətə çatdırıb. O həmçinin 2017-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun gedişi barədə də məlumat verib. Bildirib ki, AMEA üzrə cari il üçün fəlsəfə doktoru hazırlığı üzrə 99 nəfər, elmlər doktoru hazırlığı üzrə 48 nəfər, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 136 nəfər, elmlər doktoru hazırlığı üzrə 76 nəfərin qəbul planı təsdiq edilib.
Magistrantların tədris prosesi haqqında da danışan Ə.Sadıqov vurğulayıb ki, bu il AMEA-nın 18 nəfər tələbəsi məzun olacaq. O, AMEA-nın prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən elan olunan "Magistr-2017" müsabiqəsində builki məzunların da iştirak edə biləcəyini diqqətə çatdırıb.
Tədbirdə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva AMEA-nın beynəlxalq proqramlarda iştirakı haqqında danışıb. O bildirib ki, NATO-nun Sülh və Tərəfdaşlıq, Avropa Komissiyasının Çərçivə və Horizon 2020, eləcə də Ukrayna Elm və Texnologiya Mərkəzinin “Məqsədli Təşəbbüslər” proqramlarında Akademiya əməkdaşları üçün xarici həmkarlarla müştərək layihələrdə işləmək üçün şərait yaradılır. O, qeyd olunan proqramlar üzrə bir sıra intitutlarda müxtəlif layihələrin icra olunduğunu, həmçinin UNESKO, Fulbrayt, DAAD və İslam İnkişaf Bankının Təqaüd proqramlarının dəstəyi ilə doktorant və gənc alimlərin qabaqcıl ölkələrin elmi təşkilatlarında tədqiqat aparmaq, təcrübə keçmək, treninqlərdə və beynəlxalq elmi forumlarda iştirak etmək imkanı əldə etdiklərini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın elmi müəssisələrində kadr intizamının vəziyyəti müzakirə edilib. Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev məsələ ilə bağlı institut və təşkilatlarda seminarlar təşkil olunduğunu bildirib. O, müəssisələrdə aparılan yoxlamaların nəticəsini təqdim edərək bu istiqamətdə tövsiyələrini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.