Martın 27-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix elmləri doktoru Əsədulla Cəfərovun sədrliyi ilə növbəti elmi-nəzəri seminar məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Əsədulla Cəfərov bildirib ki, təhsil və elm müəssisələrində bu cür seminarların təşkilinin məqsədi elmə marağın artırılması, təcrübə mübadiləsi, elmi-potensial imkanların birləşdirilməsi və tədqiqatların müştərək formada inkişaf etdirilməsidir. Qeyd edib ki, institutda keçirilən seminarda arxeologiya, etnoqrafiya, numizmatika və digər sahələr üzrə aparılacaq müzakirələr yeni məlumatların əldə olunmasına və qarşılıqlı təcrübə mübadiləsinə zəmin yaradacaq.
Bugünkü seminarda “Birinci Maxta (Şərur) və Çaqqallıqtəpə (Şabran) qazıntıları və Kür-Araz mədəniyyətinin bəzi problemləri” adlı məruzənin dinləniləcəyini söyləyən seminarın sədri Azərbaycan və dünya arxeologiyasında Kür – Araz mədəniyyəti probleminin aktuallığından söz açıb. Diqqətə çatdırıb ki, XX əsrin 40-cı illərində sovet alimləri bu mədəniyyət barədə ilkin məlumatları yekunlaşdıraraq ona tunc dövrü “Qarabağ mədəniyyəti” adı veriblər. Müəyyən zaman keçdikdən sonra isə toplanmış materialların və tapıntıların coğrafiyasının analizi nəticəsində mədəniyyətin adı dəyişdirilərək “Kür – Araz ilk tunc dövrü mədəniyyəti” ilə elmi dövriyyəyə daxil olub.
Ə.Cəfərov Azərbaycan ərazisinin özünün təkcə Qarabağ regionunda Azıx mağarası kimi abidə də daxil olmaqla 2,5 milyon il ərzində, ibtidai icma dövründən son dövrlərə kimi tarixə malik yaşayış məskənləri ilə seçilən dünyanın nadir guşələrindən biri olduğunu qeyd edib.
Sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov mövzu üzrə elmi məruzəsini təqdim edib.
Azərbaycan ərazisində Kür-Araz mədəniyyətinin öyrənilmə tarixi, bu mədəniyyətə aid aşkar edilmiş abidələrin xüsusiyyətlərindən bəhs edən S.Aşurov bildirib ki, qonşu regionlarda aparılan qazıntılar Kür-Araz arxeoloji mədəniyyətinin yayılma sərhədlərinə Cənubi Qafqazın, Şərqi Anadolunun, müasir Suriya-Livan ərazilərinin daxil olduğunu müəyyən edib. Hətta son illərin tədqiqatları müasir İran ərazisinin dərinliklərində bu mədəniyyətə aid lokal variantların da yayıldığını göstərir.
Məruzəçi Maxta qədim yaşayış məskəni barədə də məlumat verərək qeyd edib ki, Kür–Araz mədəniyyətinə aid Maxta abidəsi dəniz səviyyəsindən 780 –790 m, Çaqqallıqtəpə məskəni isə 110 m hündürlükdədir.
Bildirilib ki, I Maxta abidəsi ilk dəfə 1988-1989-cu illərdə AMEA-nın müxbir üzvü V.Əliyev və S.Aşurov tərəfindən tədqiq edilib. 2006-cı ildə abidənin tədqiqatında ABŞ mütəxəssisləri də iştirak ediblər. İndiyədək mövcud tədqiqatların nəticələrinin yekunlarına əsasən demək olar ki, burada evlərin əsas tikili forması dairəvi olub. Qazıntı zamanı aşkar edilmiş dördbucaqlı tikili məbəd hesab edilir.
Alim məskəndən aşkar edilmiş qara cilalı qabların, bütlərin, antropomorf və zoomorf fiqurların, yağdanların, əmək alətlərinin və digər artefaktların təsnifat xüsusiyyətlərini də diqqətə çatdırıb.
Daha sonra S.Aşurov Çaqqallıqtəpə məskəni barədə ətraflı məlumat verib. Bildirib ki, məskənin mədəni təbəqəsinin qalınlığı təqribən 4 m-dir. Çaqqallıqtəpənin bəzi xarakterik cəhətləri onu Dağıstandakı Kür-Araz mədəniyyətinə aid Vəlikənd ətrafı abidələri ilə yaxınlaşdırır. Bu isə Çaqqallıqqtəpənin nisbi tarixlənməsini e.ə. 3300 – 3200-cü illərə aparır.
S.Aşurov son tunc dövrünə aid hər iki məskənin Azərbaycanın neolit və xalkolit dövrü abidələri və artefaktları ilə genetik bağlara malik olduğunu qeyd edib.
Sonda tədqiqatçı alim seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Tədbirdə t.e.d. Əsədulla Cəfərov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Zaur Həsənov, t.ü.f.d. Bəxtiyar Cəlilov və başqaları Səfər Aşurovun rəhbərliyi ilə aparılmış tədqiqatların Azərbaycan və dünya elmi üçün əhəmiyyətini qeyd edib, məskənlərdə qazıntı işlərinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Seminara yekun vuran Ə.Cəfərov aparılan çöl-tədqiqatlarının Kür-Araz arxeoloji mədəniyyətinin ayrı-ayrı xüsusiyyətlərinin öyrənilməsində mühüm mərhələ olacağını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.