Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

26.04.2017 10:57
  • A-
  • A
  • A+

“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub

“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə “Azərbaycan xalçaları” jurnalının 22-ci sayı çapdan çıxıb.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradovun baş redaktorluğu ilə dərc olunan jurnalın bu nömrəsində publisist İlham Tumasın “Azərxalça” ASC-nin Füzuli filialından bəhs edən “Dörd xalçadan başlayan həyat” reportajı, Şəmkir rayonundakı tədris-hazırlıq kursları, DOMOTEX xalça satış-sərgisinin gündəliyi və HALI jurnalı ilə əməkdaşlığı əks etdirən yazılar yer alıb, həmçinin yeni toxunmuş xalçaların fotoları təqdim olunub.

Bundan əlavə, jurnalda prof. Vidadi Muradovun və yazıçı-publisist Malik Məmmədovun “Qaracəmirli kəndi: tarixi və xalçaları”, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan qalalarının öyrənilməsi tariximizin mühüm mənbəyi kimi”, Ayşat Maqomedovanın (Dağıstan) “Dağıstan xalçaları”, Tarix İnstitutunun dissertantı Hacı Abdullanın “Zəngəzur bölgəsi: qədim dövrlərdən XX əsrin əvvəllərinədək”, Folklor İnstitutunun əməkdaşları -  f.ü.f.d. Şakir Albalıyevin “Azərbaycan folklorunda güləbətin motivi və onun mifik semantikası”, Bəxtiyar Tuncayın “Xalça və sikkələr üzərində runik işarələr”, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - t.ü.f.d. Səbuhi Əhmədovun “İslam mədəniyyəti muzeylərində orta əsr Azərbaycan silahları”, Gulzadə Abdulovanın “Azərbaycanın qadın geyim bəzəkləri” kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/e-kitabxana/jurnallar/ ünvanında tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: