Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.05.2017 11:42
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbədə zəlzələ zamanı davranış qaydalarına həsr olunan seminar-məşğələ keçirilib

İkinci xüsusi şöbədə zəlzələ zamanı davranış qaydalarına həsr olunan seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Azərbaycanın görkəmli alimlərinin mütəmadi seminarlara dəvət olunduğunu deyən E.Quliyev bildirib ki, bugünkü məşğələ zəlzələ zamanı davranış qaydalarına həsr edilib. Şöbə rəisi ölkəmizin seysmik zonada yerləşdiyini və hər bir kəsin təbii fəlakətlər zamanı davranış qaydalarını bilərək özünü mühafizə etməli olduğunu söyləyib.

Sonra AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev "Azərbaycan ərazisinin seysmik təhlükəsizliyi və zəlzələ zamanı davranış qaydaları" mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Azərbaycan ərazisinin Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissəsi olduğundan kifayət qədər yüksək seysmik aktivliklə səciyyələndiyini bildirib. Son 35 il ərzində respublikanın müxtəlif bölgələrində, o cümlədən İsmayıllı, Lerik, Ağdaş, Zaqatala, Balakən, Oğuz, Şəki və Xəzər dənizində güclü zəlzələlərin baş verdiyini deyən E.Qaravəliyev təbii fəlakətlər zamanı dağıntıların olduğunu, bəzi hallarda insan tələfatının qeydə alındığını söyləyib.

Alim 2015-ci illə müqayisədə 2016-cı il ərzində Azərbaycan ərazisində zəlzələlərin sayının azaldığını deyib: "2015-ci ildə ölkə ərazisində qeydə alınan zəlzələlərin sayı 4644, 2016-cı ildə isə 4528 olub".

E.Qaravəliyev təbii fəlakətlər zamanı insanları təmkinli olmağa və təşvişə düşməməyə çağırıb. Alim qeyd edib ki, hazırda RSXM tərəfindən cəmiyyətin seysmik riskə daha həssas təbəqələri olan məktəblilər arasında silsilə maarifləndirmə işləri aparılır.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə aprel ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: