Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə çıxış edən muzeyin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayəti XX əsrin ən dəhşətli faciəsi adlandırdı. Bildirdi ki, Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş bir soyqırımdır.

R.Hüseynov qeyd etdi ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edib: “Eyni zamanda, bu gün Azərbaycan dövləti, qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır”.

AR Prezidenti cənab İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən R.Hüseynov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın 100-dən çox ölkəsində tədbirlərin keçirildiyini qeyd etdi. O, bir çox dövlətlərdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söylədi.

Yaxın günlərdə işıq üzü görən, xüsusi rəyin və nəşrə “Ön söz"ün müəllifi olduğu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyinin əhəmiyyətindən də söz açan natiq təkzibedilməz məntiqi fakt və sübutlar, dəlil və sənədlər əsasında ərsəyə gəlmiş kitabların bu mövzuda elmi-tədqiqatlar aparan alim, yazıçı və jurnalistlər, siyasətçilər üçün zəngin materiallar toplusu olduğunu qeyd etdi. Bildirdi ki, nəşrlərdə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır: “Zəngin fakt və sənədlərlə, sübutlarla təqdim olunmuş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaq”.

Fevralın 24-də Respublika Hərbi Prokurorluğunun inzibati binasında tarixi sənəd, faktlar və istintaq materialları əsasında Memorial Soyqırım Muzeyinin açılışının keçirildiyini də nəzərə çatdıran millət vəkili zəngin soyqırım muzeyinin XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olmuş on minlərlə azərbaycanlının xatirəsinə həsr edildiyini bildirdi. Muzeyin ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayan R.Hüseynov bildirdi ki, muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla 320 kvadratmetr sahədə yerləşir: “Muzey xalqımıza qarşı törədilən soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə də təchiz olunub. Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən tarixi hadisəni özündə əks etdirən nümunədir”.

R.Hüseynov onun təşəbbüsü ilə Memorial Soyqırım Muzeyində Elektron Tədqiqatlar Mərkəzinin yaradıldığını söyləyərək, mart ayında muzeyin ekspozisiyasını əhatə edən 3 dildə bələdçi kitabın nəşrinin də nəzərdə tutulduğunu qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: