Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım mərasimi keçirildi

AMEA Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım mərasimi keçirildi

Bu gün AMEA Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım mərasimi keçirildi.

Gənc alimlər və digər institut əməkdaşlarının da iştirak etdiyi tədbirdə öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, professor Mirzə Mövsümzadə faciədən 22 il keçməsinə baxmayaraq faciə qurbanlarının unudulmadığını bildirdi. Soyqırım zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verdi.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoruƏfsun Sucayev “Xocalı soyqırımı: gənclərin gözü ilə” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi daxil olan Xocalı soyqırımı dünyada baş verən digər soyqırımlarla bir sırada dayanır: “Xocalı şəhərinin ermənilər tərəfindən əsas hədəf seçilməsi də həmin düşünülmüş siyasətin tərkib hissəsi idi. Xocalı tarixi bir bölgədə yerləşdiyi üçün Qarabağın tarixi xüsusiyyətlərini özündə əks etdirirdi. Həmçinin bölgənin yeganə aeroportu da bu şəhərdə yerləşirdi”.

Ə.Sucayev qeyd etdi ki, Xocalı soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu böyükdür. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tərəfindən başlanılan “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasının dünyanın 57 ölkəsində uğurla həyata keçirildiyini vurğuladı.

Mərasimdə institutun laboratoriya müdirləri t.e.d. Davud Həsənov, t.e.d. Həqiqət Cavadova çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşdülər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: