AMEA Rəyasət Heyətinin bugünkü iclasında akademiyanın bəzi elmi-tədqiqat müəssisələrinin adlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub.
AMEA prezidenti, akademik Akif Əlizadə müasir dövrdə elm və informasiya texnologiyalarının dinamik inkişafının, yeni elmi istiqamətlərin meydana çıxmasının bəzi institutların fəaliyyətinin genişlənməsini tələb etdiyini bildirib.
Qərara əsasən, bundan sonra AMEA Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Kimya Problemləri İnstitutu - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu - Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlanacaq.
Məqsəd ölkədə müasir idarəetmə sistemlərinin yaradılması, istehsalı və tətbiqi, katalizin fiziki-kimyəvi əsaslarının inkişafı sahəsində müasir tələblərə cavab verən tədqiqatların aparılması, geologiya elminin müasir problemlərinin ən yeni geofiziki, kosmik, riyazi metodlarla və informasiya texnologiyalarının kompleks tətbiqi ilə hərtərəfli öyrənilməsinin təşkili və həyata keçirilməsi, yeni istiqamətlərin gücləndirilməsi, mühüm elmi nəticələrin əldə olunması və s. təmin etməkdir. İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun AMEA Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılması isə Azərbaycanda münaqişələrin həlli, həmçinin sosial, hərbi, etnik və digər konflikt növlərinin səbəb və nəticələrinin daha dərindən tədqiqi, aradan qaldırılması, eləcə də nizamlanması yollarının araşdırılması ilə məşğul olan konfliktologiya elminin öyrənilməsinə xidmət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.