Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2017 16:13
  • A-
  • A
  • A+

“M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçirilib

“M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi sənətkarın Azərbaycanın bədii söz və fikir tarixindəki rolundan danışıb. M.P.Vaqifin XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu söyləyən alim onun öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını bildirib. O, şairin realist məzmun və xalq yaradıcılığı ruhunda yazdığı qoşma, bayatı, gəraylı və müxəmməslərlə Azərbaycan ədəbiyyatını zənginləşdirdiyini diqqətə çatdırıb. Bildirib ki, görkəmli şair bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri məhz Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub. Çünki onun şeirlərində Azərbaycan dilinin saflığı, təbiiliyi öz əksini tapıb. Şairin ölməz lirikası məhəbbət, insan gözəlliyinin tərənnümü, insanlar arasında xoş münasibətin, səmimiyyətin ecazkar ifadəsinə çevrilib.

R.Hüseynov Vaqifin Azərbaycanın siyasi mühitində də mühüm rol oynadığını, ictimai xadim kimi müdrikliyi və uzaqgörənliyi ilə tarixdə iz buraxdığını qeyd edib. Akademikin sözlərinə görə, Vaqifin ədəbi irsi və siyasi fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi ədəbiyyatşünas alimlərin qarşısında duran əsas hədəflərdəndir.

“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli Sərəncamını xatırladan akademik R.Hüseynov müstəqil Azərbaycanın tarixində M.P.Vaqifin yaradıcılığının ilk dəfə kütləvi şəkildə qeyd olunduğunu bildirib.

Sonra tədbir muzeyin Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Molla Pənah Vaqif - XVIII əsr şairi və ictimai xadimi”, muzeyin elmi işçiləri Natəvan Bağırovanın “Molla Pənah Vaqifin gözəllik idealı” və Sevinc Heydərovanın “Vaqif irsi Azərbaycan şeirində və Nizami Muzeyinin ekspozisiyasında” adlı məruzələri ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: