AMEA Fiziologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İclasda institutun direktoru vəzifəsini tutmaq üçün Elmi Şuranın irəli sürdüyü namizədin təqdim olunması məsələsi müzakirə edildi. Elmi Şuranın sədr müavini, institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AMEA-nın institut və təşkilatlarının direktorlarının təqdimatı və seçilməsi qaydaları ilə Elmi şuranın üzvlərini tanış etdi.
İclasda Elmi Şura adından direktor vəzifəsinə biologiya üzrə elmlər doktoru Ulduza Haşımovanın namizədliyi irəli sürüldü. Tədbirdə AMEA-nın müxbir üzvləri Rafiq Qasımov, Telman Ağayev, professor Əli Allahverdiyev, Funksional Sitokimya laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Fəxrəddin Əsgərov çıxış edərək U.Haşımovanın institutun direktoru vəzifəsini tutmaq üçün seçkilərə namizədliyini dəstəklədilər.
Sonra A.Qazıyev U.Haşımovanın elmi-təşkilati fəaliyyəti haqqında qısa məlumat verdi.
Elmi Şuranın üzvləri tərəfindən U.Haşımovanın Fiziologiya İnstitutunun direktoru vəzifəsinə AMEA Biologiya və Tibb Elmləri Bölməsinə təqdimatı yekdilliklə qəbul olundu və təsdiqləndi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.