Sentyabrın 12-də AMEA-nın Əsas binasında “Şərqi və Qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Üç gün davam edəcək konfrans “INOCTE 2017 – “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq konfransın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirdə Şərqi və Qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələri müzakirə olunacaq, müxtəlif mövzularda məruzələr dinləniləcək. “Konfransın təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq tarixi dövrlərinin araşdırılması ilə bağlı aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir”. -deyə İ.Həbibbəyli vurğulayıb.
Türk xalqlarının müxtəlif dövrlərdə yaşadığı tarixi-siyasi hadisələrdən danışan AMEA-nın vitse-prezidenti bu hadisələrin səbəb olduğu sosial-iqtisadi dəyişikliklərdən, yeni formalaşan etnik-mədəni dəyərlərdən, bunların xalq və dövlətlərin inkişafında rolundan bəhs edib. O,türkoloji məsələlərlə bağlı AMEA-da bir sıra tədbirlərin keçirildiyini söyləyərək, bugünkü konfransın elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra çıxış edən konfransın baş koordinatoru, professor Alaattin Aköz Şərqi və Qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyətindən danışıb. O, qədim türk yazılı mənbələrinin yenidən tədqiqi, ortaq dəyərlərin qorunub saxlanılması və digər məsələlərdən söz açıb. Konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən A.Aköz üç gün davam edəcək konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov türk xalqlarının ortaq dərsliklərinin hazırlanmasının mühüm məsələlərdən biri olduğunu qeyd edərək mövzu ilə bağlı fikirlərini səsləndirib, təkliflərini irəli sürüb. O, ortaq tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, eləcə də problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinin vacibliyini qeyd edib.
Türk Tarix Qurumunun sədri, professor Refik Turan isə çıxışında müxtəlif tarixi dövrlərdə yaşayıb-yaratmış, elmi tədqiqatlarından bu gündə istifadə etdiyimiz məhşur türk alimlərinin dünya elminə verdiyi töhvələrdən söz açıb.
Konfransda Səlçuq Universitetinin rektoru, professor Mustafa Şahin, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və digər çıxış edən alimlər türk dünyasının problemlərindən və inkişaf meyillərindən söhbət açıblar. Alimlər ayrı-ayrı türkoloji mərkəzlərin əlaqələrinin koordinasiyası məsələsinin vacibliyi vurğulayıblar.
Daha sonra bir qrup alimə təşəkkürnamələr təqdim edilib.
Tədbir öz işini ADPU-da bölmə iclaslarında davam etdirib. İclaslarda azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur.
Beynəlxalq konfrans işini sentyabrın 14-də yekunlaşdıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.