Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2017 12:43
  • A-
  • A
  • A+

Azərbaycan Fizioloqlarının V Qurultayı keçirilir

Azərbaycan Fizioloqlarının V Qurultayı keçirilir

Oktyabrın 10-da AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun 50 illiyinə həsr olunan "Fiziologiya və insan sağlamlığı" mövzusunda Azərbaycan Fizioloqlarının V Qurultayı öz işinə başlayıb.

Qurultayda respublikanın fizioloqları ilə yanaşı, Rusiya, Gürcüstan, Belarus və İranın fiziologiya sahəsində çalışan tanınmış alim və gənc tədqiqatçıları iştirak edir.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bildirib ki, Azərbaycanda fiziologiya məktəbinin formalaşması 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasından sonra başlayıb. Akademik universitetin Tibb fakültəsində ilk Fiziologiya kafedrasının rus fizioloqu, İ.S.Tsitoviçin rəhbərliyi ilə yaradıldığını deyib. Qeyd edib ki, 1930-1940-cı illərdə Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda fiziologiya kafedraları, Kurortologiya və Eksperimental Təbabət elmi-tədqiqat institutlarında isə ilk eksperimental fiziologiya laboratoriyaları  təsis edilib. Fiziologiya İnstitutunun AMEA-nın tərkibində fəaliyyət göstərən Fiziologiya sektorunun əsasında yaradıldığını söyləyən akademik ölkəmizdə bu sahənin inkişafında Abdulla Qarayev, Savalan Ocaqverdizadə, İsrafil Hacıyev və digərlərinin mühüm xidmətləri olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yubiley münasibətilə institutun kollektivini təbrik edib və qurultay iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

Sonra Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin Prezidenti, biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimova "Fiziologiya elmi Azərbaycanda: yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri" adlı məruzə ilə çıxış edib. Azərbaycanda fiziologiya elminin yaranması və inkişafından danışan alim qeyd edib ki, 1968-ci ildə görkəmli fizioloq-alim akademik Abdulla Qarayevin  təşəbbüsü ilə yaradılmış Fizio­­logiya İnstitutunun fəaliyyəti xüsusilə diqqətəlayiqdir.

U.Həşimova rəhbərlik etdiyi qurumun respublikada fizioloji tədqiqatları koordinasiya edən və kadrlar hazırlayan elmi mərkəz olduğunu, fəaliyyətinin bütövlükdə herontologiya, ekoloqo-morfoloji və neyrofiziologiya sahə­sində aparılan tədqiqatlara yönəldildiyini söyləyib. O, institutda qocalmanın fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beynəlxalq  səviyyədə həyata keçirilməkdə olan kompleks tibbi-bioloji tədqiqatlar  proqramının işlənib hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qurultayın fiziologiyanın müasir problemləri ətrafında qarşılıqlı anlaşma, gələcək birgə tədqiqatlar üçün imkanlar yaradacağına inamını ifadə edib. Qurultayın əsas mövzusunun "Fiziologiya və insan sağlamlığı" olduğunu deyən bölmənin akademik-katibi fiziologiyanın tibbin nəzəriyyəsi olduğunu vurğulayıb. O, Fiziologiya İnstitutunun AMEA tərəfindən biologiya və tibb elmləri sahəsində qəbul edilmiş insan sağlamlığının qorunması və rifahının yüksəldilməsinə xidmət edən prioritet elmi-tədqiqat istiqamətləri kimi yeni çağırışlar qarşısında olduğunu söyləyib. Ə.Əmiraslanov institut tərəfindən uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının öyrənilməsi, ekoloji faktorların fizioloji-toksikoloji təsiri, həmçinin digər prioritet istiqamətlərdə müvəffəqiyyətlər qazanılacağına inandığını bildirib. Bölmə rəhbəri Fiziologiya İnstitutunun yaranmasının 50 illik yubileyi münasibəti ilə müəssisənin kollektivini təbrik edib və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra P.K.Anoxin adına Normal Fiziologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Sudakov, İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru D.K.Nadareişvili və digərləri çıxış ediblər.

Qurultay fasilədən sonra öz işini plenar iclaslarla davam etdirib.

Tədbir oktyabrın 11-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: