Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanda aparılan seysmik qiymətləndirmə və risklərə dair mətbuat konfransı keçirilib
25.10.2017 16:39
  • A-
  • A
  • A+

Azərbaycanda aparılan seysmik qiymətləndirmə və risklərə dair mətbuat konfransı keçirilib

Oktyabrın 25-də “Sputnik Azərbaycan” Agentliyinin redaksiyasında Bakıda təşkil olunmuş “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” adlı tədbirin yekunlarına dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, ABŞ-ın Livermor Milli Laboratoriyasının (LML) seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, həmin laboratoriyanın professoru Robert Mellors və ABŞ-ın Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun (IRIS) Məlumat Mərkəzinin rəhbəri Tim Ahern iştirak ediblər.

AMEA-nın müxbir üzvü Q.Yetirmişli beynəlxalq konfransın Bakıda keçirilməsinin seysmologiya sahəsində yeni emal proqramlarının tətbiqi və öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O, seysmologiya sahəsində birgə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.

Mətbuat konfransında çıxış edən R.Gök seysmikliyinin öyrənilməsi ilə məşğul olduğunu və regionda gedən seysmoaktivliklə bağlı ABŞ-ın Milli Livermore Laboratoriyasında aparılan tədqiqatlara rəhbərlik etdiyini bildirib. Alim on ildən artıqdır ki, RSXM ilə əməkdaşlıq etdiyini və burada görülən işlərin yüksək səviyyədə olduğunu qeyd edib. R.Gök Azərbaycanda gənc seysmoloqların hazırlanması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən IRIS Məlumat Mərkəzinin rəhbəri T.Ahern bu ölkədə seysmoloji müşahidələr, seysmik xidmət və  tədqiqatların müasir metodlarla aparıldığını deyib.

ABŞ-ın Livermor Milli Laboratoriyasının professoru R.Mellors isə çıxışında Qafqazın seysmik zonada yerləşdiyini və Xəzərin seysmikliyinin öyrənilməsinin seysmoloqlar üçün əsas məsələlərdən olduğunu bildirib. RSXM ilə 2002-ci ildən əməkdaşlıq etdiyini söyləyən R.Mellors Azərbaycanda seysmologiya sahəsində görülən işlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Daha sonra RSXM-nin baş direktoru Q.Yetirmişli və qonaqlar media nümayəndələrinin suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: