AMEA-nın Əsas binasında “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” adlı monoqrafiyanın təqdimatı keçirilib.
Dilçi alim, rus şərqşünaslığının patriarxı, Sankt-Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı, Kazan və Sankt-Peterburq universitetlərinin ordinar professoru Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” kitabını Azərbaycan dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov tərcümə edib.
Təqdimat mərasimində AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Mirzə Kazımbəyin həyat və yaradıcılığı barədə danışıb. T.Kərimli ədibin Şərqdən qopmadan Qərb mədəniyyətinə inteqrasiya etdiyini və bunu öz əsərlərində peşəkarcasına göstərdiyini bildirib. Görkəmli dilçi alimin 33 yaşında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildiyini xatırladan T.Kərimli onun əsərlərinin bütün dünyada tədris olunduğunu diqqətə çatdırıb.
Alim 1839-cu ildə qələmə alınan “Türk-tatar dilinin ümumi qrammatikası” əsərinin ilk dəfə orijinal və müfəssəl şərhlərlə Azərbaycan dilinə tərcümə olunduğunu söyləyib. Qeyd edib ki, əsərdə Mirzə Kazımbəyin müasir dilçilik üçün xüsusi aktuallıq kəsb edən ideyaları və çoxcəhətli linqvistik fəaliyyəti araşdırılır, həmçinin onun dünya dilçiliyindəki layiqli mövqeyi müəyyənləşdirilir. T.Kərimli zəngin linqvistik-filoloji faktlarla təqdim olunan monoqrafiyanı tədqiqatçılar üçün əvəzsiz mənbə adlandırıb.
Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək əsərin tərcüməsinə 2014-cü ilin noyabrından başlanıldığını bildirib. "Nəşrin tərcüməsi üçün ərəb, türk, fransız dillərinin qrammatikasını, o cümlədən nəzəri və müqayisəli dilçiliyi mükəmməl bilmək lazımdır" - deyən alim M.Kazımbəyin yaradıcılığının Azərbaycanda tədqiqi istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Təqdimat mərasimində nəşrin elmi redaktoru, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək əsərin SSRİ dövründə tərcüməsinin baş tutmadığını, Azərbaycanın müstəqillik dövrünün bəhrəsi olduğunu bildirib. O, kitabın Azərbaycan dilçiliyində geniş istifadə edildiyini və ensiklopedik mahiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirdə Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, fil.ü.e.d., professor Sayalı Sadıqova, Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, fil.ü.e.d., professor Buludxan Xəlilov, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin sədri Alfred Zakirov və digərləri çıxış edərək M.Kazımbəyin dilçilik elminin inkişafındakı xidmətlərindən, o cümlədən, nəşrin tərcüməsinin önəmindən danışıblar.
İclasda Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, fil.ü.e.d., professor İsmayıl Məmmədlinin “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” adlı məruzəsi də dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.