Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə təqdim olunub.
Bu dəfə tamaşanı AMEA-nın əməkdaşları izləyiblər.
Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşanın nümayişindən əvvəl AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli dramaturq, ictimai-siyasi xadim, “İstiqlal” ordenli, Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığının bədii-estetik məziyyətlərini təhlil edib, yazıçının zəngin irsinin ədəbiyyatımızın təşəkkülünə təsir göstərdiyi vurğulayıb. Bildirib ki, Elçin Azərbaycanda absurd teatrın yaradıcısıdır və o, ölkə teatrına yeni nəfəs və mühit gətirib.
Qeyd olunub ki, yaradıcılığının ilk illərindən yazıçı cəmiyyətdə bütövlükdə baş verən hadisələrin mənəvi-əxlaqi durumunu dərindən dərk edib, onu istedadının gücü və qələminin qüdrəti ilə, ustalıqla, bədii boyalarla əsərlərində əks etdirib. Ömrünü ədəbiyyata həsr etmiş ustad qələm sahibinin əsərlərinin dünya ədəbiyyatında xüsusi yeri var. Yazıçının bədii əsərləri sənətkarlıq baxımından dünya ədəbi şedevrləri xəzinəsini zənginləşdirən bədii nailiyyətdir.
Sonra filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev və Şirindil Alışanov çıxış edərək yazıçının zəngin yaradıcılığından söz açıb, səhnə əsəri ilə bağlı fikirlərini bildiriblər.
Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı onu daha da baxımlı edib.
Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Yeni səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.
Qeyd edək ki, tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.