Noyabrın 28-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində metal üzərində işləmə sahəsində tanınmış sənətkar, Əməkdar rəssam Mübariz Əkbərovun əsərlərindən ibarət “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək bildirib ki, M.Əkbərov metal işləmə sənəti üzrə ölkəmizdən kənarda tanınan mütəxəssisdir. Onun hazırladığı və milli ornamentlərlə bəzədilən müxtəlif silahlar, hərbi geyimlər, çeşidli aksesuarlar nəfisliyi ilə diqqəti cəlb edir. Sənətkarın yaratdığı bu qəbil silahlardan bir sıra bədii və sənədli filmlərin çəkilişi zamanı istifadə olunub.
Akademik R.Hüseynov əvvəlcə bu sərginin Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr olunan “Xətainin qılıncı və qələmi” mövzusunda keçirilən respublika konfransında nümayiş etdirildiyini və iştirakçılar tərəfindən maraqla qarşılandığını qeyd edib. O, yaxın vaxtlarda rəssamın bütün əsərlərinin fotolarından ibarət albomunun da nəşr olunacağını nəzərə çatdırıb.
Yaradıcılığı və fəaliyyəti barədə məlumat verən Mübariz Əkbərov bildirib ki, onun istedadını görən Xalq rəssamı Lətif Kərimov rəssama bu sahədə çalışmağı məsləhət görüb. M.Əkbərov tədbirin yüksək səviyyədə təşkilinə görə Ədəbiyyat Muzeyinin rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə rəssamın poladdan, gümüşdən və digər metallardan düzəldilən sənət nümunələri ilə yanaşı, dəri materiallardan istifadə ilə hazırlanan əl işləri də təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.