Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2017 09:42
  • A-
  • A
  • A+

AMEA-da "525-ci qəzet"in 25 illik yubileyi qeyd olunub

AMEA-da "525-ci qəzet"in 25 illik yubileyi qeyd olunub

Noyabrın 28-də AMEA-nın Ədəbiyyat İnstitutunda "525-ci qəzet" məktəbi: Zaman və ədəbi proses" mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iclasın "525-ci qəzet"in 25 illik yubileyinə həsr olunduğunu bildirib. Alim qəzetin müstəqil dövr Azərbaycan mətbuatının ən qabaqcıl nümunəsi olduğunu və universallığını qoruyaraq səhifələrində ictimai-siyasi, iqtisadi, beynəlxalq münasibətlər, ədəbi proses və digər sahələrə dair analitik məqalələr dərc etdirdiyini vurğulayıb. Qeyd edib ki, "525-ci qəzet” özünəməxsus ədəbiyyat qəzeti, eyni zamanda, fərqli ictimai-siyasi qəzet kimi tanınmaqla yanaşı, həm də mədəni-maarif hərəkatının güzgüsü olan mətbuat orqanıdır. 

İ.Həbibbəyli "525-ci qəzet"in milli mətbuatımızın ilk qaranquşu sayılan "Əkinçi"nin ideyalarına sadiq qaldığını, müasir dövr Azərbaycan ədəbiyyatının inkişafına böyük dəstək verdiyini, milli mənafe və ictimai maraqları qoruduğunu və mayasındakı maarifçiliklə cəmiyyətin yoluna işıq saçdığını söyləyib. O, qəzetin həftəlik əlavəsi ilə digər mətbu orqanlardan fərqləndiyini və Ədəbiyyat İnstitutunun əməkdaşlarının burada mütəmadi aktual mövzularla çıxış etdiklərini diqqətə çatdırıb.

Daha sonra qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq elminə dəstək diplomu" və digər hədiyyələr təqdim olunub.

Yubiley tədbirində institutun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev "Ədəbi 525 və redaktoru Rəşad Məcid" mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində qəzet rəhbərliyinin yazıçılara və ədəbi prosesə verdiyi dəstəkdən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən, həmçinin Rəşad Məcidin insani keyfiyyətlərindən danışıb.

Daha sonra filologiya üzrə elmlər doktorları - Qəzənfər Paşayev, Vaqif Yusifli, Şirindil Alışanlı, Asif Rüstəmli, Bədirxan Əhmədov, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və digərləri çıxış edərək qəzetin Azərbaycan mətbuat tarixində oynadığı tarixi roldan bəhs ediblər, yubileyi keçirilən qəzetdə mütəmadi olaraq məqalələrinin dərc olunduğunu söyləyiblər.

Mərasim çərçivəsində, həmçinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin "525" - zamanın sınağında" adlı kitabının təqdimatı keçirilib. Kitabda C.Məmmədlinin "525-ci qəzet"in tarixi və keçdiyi yol barədə monoqrafiyası, qəzet əməkdaşlarının xatirə yazıları, tanınmış şəxslərin qəzetin 25 illiyi ilə bağlı yazıları, həmçinin qəzetdə dərc olunan yazılardan nümunələr toplanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: