AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Almaniyanın Bochum Dağ – Mədən Muzeyi və Gürcüstanın Milli Muzeyi arasında eneolit-erkən tunc dövrü Cənubi Qafqaz paleometallurgiyasının və keramikasının kompleks tədqiqinə dair əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən 2014-2016-cı illər arasında Almaniyanın Bochum Dağ – Mədən Muzeyinin təşkilatçılığı ilə Cənubi Qafqazın, xüsusilə də, Azərbaycanın qərb və Gürcüstanın şərq bölgələrində arxeometallurgiya təyinatlı çöl-tədqiqat ekspedisiyalarının keçirilməsi nəzərdə tutulur. Qarşılıqlı razılaşma əsasında muzey fondlarından seçilmiş paleometal və keramika nümunələri Almaniyanın qabaqcıl elmi laboratoriyalarında müasir texnologiyalardan istifadə ilə təhlil ediləcək. Əməkdaşlıq çərçivəsində Azərbaycanın və Gürcüstanın gənc tədqiqatçı kadrlarının hazırlanması və ixtisaslaşması üçün Almaniyada mütəmadi olaraq paleometallurgiya və qədim keramika üzrə ixtisaslaşma treninqləri də keçiriləcək. Tədqiqatların yekunları 2016-cı ildə keçiriləcək beynəlxalq elmi konfranslarda təqdim ediləcək.
Memorandum AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova, Bochum Dağ-Mədən Muzeyinin elmi layihələr üzrə rəhbəri, professor Thomas Stöllner və Gürcüstan Milli Muzeyinin elmi mərkəzinin rəhbəri İrina Qambaşidze tərəfindən imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.