Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və büro üzvləri, BTEB-in elmi müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Akademik Əhliman Əmiraslanov yığıncağı giriş sözü ilə açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
İclasda Kembric Universitetinin professoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının rəhbəri Qərib Mürşüdov "Struktur biologiyası: uğurlar və gələcək perspektivlər" mövzusunda məruzə ilə çıxış edib. Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Mərkəzinin Molekulyar Biologiya laboratoriyasında görülən işlər haqqında qısa məlumat verən alim müasir struktur biologiyası metodları və elektron mikroskopiyasının inkişaf yollarından danışıb. Məruzəçi bildirib ki, hazırda dünyada bu sahədə inqilabi dəyişikliklər baş verir, bioloji əhəmiyyətli böyük makromolekulların dəqiq öyrənilməsinə imkan yaranır.
Q.Mürşüdov müasir struktur biologiyası metodları və bu üsulların tətbiqi ilə öyrənilən bir neçə molekulyar kompleks haqqında da danışıb. Qeyd edib ki, bu molekulların sırasına bioloji və tibbi baxımdan fundamental əhəmiyyətli ribosomlar və tau filamentləri daxildir. Natiq Azərbaycanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu sahədə görülən işlər barədə məlumat verib, perspektivləri diqqətə çatdırıb.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.
Yığıncaqda Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verib. Bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinin keçirilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb, həmçinin bir sıra kadr məsələlərinə baxılıb.
Sonra iclasda gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib, akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib. Seçki nəticələrinin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.