Bu gün AMEA-nın Əsas binasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli 1976-cı ildən 1984-cü ilədək institutda ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunmuş yaradıcılıq müşavirələrinin keçirildiyini bildirdi. Bu müşavirələrin yekunlarına həsr olunmuş 6 kitabın çap olunduğunu söyləyən akademik onların müasir dövrümüzdə ədəbiyyatşünaslar üçün dəyərli mənbə olduğunu vurğuladı. İsa Həbibbəyli yaradıcılıq müşavirələrinin Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə keçirilməsinin əhəmiyyətindən söz açdı.
Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elm ocağında 30 ildən sonra ədəbi proses üzrə yaradıcılıq müşavirələrinin keçirilməsinin qərara alındığını nəzərə çatdırdı. Bildirdi ki, bu müşavirələr ölkəmizdə gedən vahid ədəbiyyat prosesinin uzun bir dövr ərzindəki inkişaf istiqamətlərinin yekunlarını özündə ümumiləşdirəcək: “Lakin bu müşavirələr öz işini əvvəlkilərdən fərqli formatda və məzmunda davam etdirəcək”.
Qeyd edildi ki, bu gün müstəqil Azərbaycan dövləti ilə xalqın milli mənəvi maraqları bir-birini tamamladığı üçün ədəbiyyatımız da müstəqil dövlətin tələblərinə cavab verməlidir.
İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsinin keçirilməsi istiqamətində aparılmış elmi-təşkilatı işlərdən də danışdı. O, institutda Ədəbi tənqid şöbəsinin yaradıldığını və bu sahədə mühüm addımların atıldığını diqqətə çatdırdı.
Çıxışının sonunda akademik müşavirəyə təqdim olunmuş məruzələrin kitabça şəklində nəşr ediləcəyini bildirdi.
Tədbirdə çıxış edən AYB-nin katibi Rəşad Məcid 30 ildən sonra yaradıcılıq müşavirəsinin təşkil edilməsinin əhəmiyyətindən danışdı. O, tədbirin AYB ilə birgə keçirilməsini yüksək qiymətləndirdi, iştirakçıları ölkəmizdə baş verən ədəbi proseslərdə daha fəal olmağa çağırdı.
Daha sonra institutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli “İlin ədəbi mənzərəsi”, Ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı “2013-cü ilin şeiri”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova “Poema yaradıcılığı” və s. mövzularda məruzələrlə çıxış etdilər. Məruzələrdə ötən il Azərbaycan ədəbiyyatının nəsr, poeziya, həmçinin dramaturgiya janrları sahələrində baş vermiş ədəbi yeniliklərdən, gənc müəlliflər və elm adamlarının diqqətini cəlb edən əsərlər haqqında müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.