AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) "Rainergy" layihəsinin müəllifi, gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib.
Görüşdə YT Parkın Biznes İnkubasiya Mərkəzinin müdiri Vüsal Süleymanlı çıxış edərək "Rainergy" layihəsinin həyata keçirilməsi və ixtira olunan qurğunun təkmilləşdirilməsi üçün texnoparkda gənc startapçıya lazımi şəraitin yaradılacağını bildirib.
Sonra YT Parkın baş sponsoru olduğu, ölkəmizdə “Social Innovation Lab” tərəfindən həyata keçirilən dünyanın ən böyük "Yaşıl" biznes ideya müsabiqəsi "ClimateLaunchpad 2017"nin qaliblərindən olan gənc startapçı R.Camalova ixtirası haqqında ətraflı məlumat verib.
O, yağış suyundan enerji istehsalını nəzərdə tutan "Rainergy" qurğusunun dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarət olduğunu deyib: "Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. Qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır. Bu da təqribi 22 watt enerji deməkdir".
Qeyd edək ki, Reyhan Camalovanın layihəsi alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı dövrdə, xüsusilə yağıntıların çox olduğu Hindistan, İndoneziya kimi ölkələr üçün əlverişlidir.
15 yaşlı gəncin ixtirası noyabrda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Forumunda böyük marağa səbəb olub və ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Trampın xüsusi diqqətini çəkib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.