Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2018 16:19
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsi 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

AMEA-nın Gəncə Bölməsi 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın Gəncə Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Məruzə ilə çıxış edən bölmənin sədri, akademik Fuad Əliyev hesabat ilində fundamental və tətbiqi tədqiqatların Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, o cümlədən Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş qərarlar əsasında həyata keçirildiyini bildirib.

Statistik məlumatları nəzərə çatdıran akademik Fuad Əliyev hesabat ilində bölmə institutlarında 6 problemə aid 23 mövzu üzrə 27 iş və 23 mərhələni əhatə edən tədqiqatlar aparıldığını, 2 mühüm elmi nəticə əldə olunduğunu diqqətə çatdırıb: “Gəncə Bölməsində aparılan tədqiqatların nəticəsində əməkdaşlar tərəfindən 4 kitab, 42-si xaricdə olmaqla 96 məqalə, 14-ü xaricdə olmaqla 38 tezis nəşr edilib. İmpakt faktorlu jurnallarda əməkdaşların 28 məqaləsi çap olunub. Hazırda bölmə institutlarında elmlər doktorluğu hazırlığı üzrə 2 nəfər, fəlsəfə doktorluğu hazırlığı üzrə 9 nəfər, dissertanturada isə 3 nəfər müxtəlif mövzular üzrə tədqiqatlar aparırlar. 2017-ci ildə bölmə institutlarında 1 akademik, 7 elmlər və 32 fəlsəfə doktoru olmaqla ümumilikdə 92 elmi işçi fəaliyyət göstərir”.

Hesabat ilində Gəncə Bölməsində qismən struktur dəyişiklikləri və AMEA-nın müxtəlif institutları ilə əməkdaşlıq əlaqələrindən danışan akademik bölmə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfrans və seminarlarda, qurultaylarda iştirak etdiyini, müxtəlif istiqamətlər üzrə araşdırılmış mövzular əsasında monoqrafiyaların çapa hazırlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, bölmənin bir neçə əməkdaşı dövlət orden və mükafatları ilə təltif edilib.

İclasda qeyd olunub ki, 2017-ci ildə bölmədə Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsi ilə birgə Azərbaycan GPS poliqonunun stasionar fəaliyyət göstərən Gəncə stansiyası qurulub və dünya UNAVCO NASA sisteminə daxil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsinin qalibi olmuş “Alüminium zəyinin alunitin tullantısı olan kasıb alunitdən yeni texnoloji üsulla alınmasının işlənməsi” layihəsi üzrə tədqiqatlar davam etdirilir.

Hesabat dövründə elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən danışan akademik Fuad Əliyev əməkdaşlığın yalnız ali təhsil müəssisələri ilə deyil, orta məktəblərlə də aparıldığını, şagirdlərin elmə marağının artırılması üçün müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, hesabat ətrafında akademiklər - İsa Həbibbəyli, Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda AMEA-nın Gəncə Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı qəbul olunub.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovun 70 illik yubileyi ilə bağlı məsələ müzakirə olunub. Alimin yubileyinə həsr olunmuş geniş iclasın keçirilməsi, əsərlərinin biblioqrafiyasının nəşri qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: