Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.01.2018 10:50
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzairin Azərbaycandakı səfiri ilə görüş keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzairin Azərbaycandakı səfiri ilə görüş keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, cənab Abbes Benmoussat ilə görüş keçirilib. Əsas məqsəd iki ölkə arasında elmi əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Öncə çıxış edən cənab A.Benmoussat təmsil etdiyi ölkə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqdan söz açıb. Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması və birgə tədqiqatlarda iştirakın vacibliyini vurğulayıb.

Səfir yaxın vaxtlarda Əlcəzairdən olan nümayəndə heyətinin Azərbaycana səfərinin nəzərdə tutulduğunu, bu heyətin tərkibində Əlcəzair Elm və Texnologiya Akademiyasının prezidenti, prof. xanım Malikə Allab-Yakerin də yer alacağını qeyd edib.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycanla Əlcəzair arasında müxtəlif istiqamətlərdə – siyasi, iqtisadi və digər sahələrdə mövcud olan tarixi əlaqələrdən danışıb, elmi əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

İki ölkə arasında din, iqlim, tarix və mədəniyyət sahəsində oxşarlıqların mövcud olduğunu deyən alim Əlcəzairli tələbələrin vaxtilə ölkəmizdə hərbi və neft sahələri üzrə təhsil aldıqlarını xatırladıb.

Daha sonra qonağa institutun Tədris-İnnovasiya Mərkəzi və AzScienceNet-in Verilənlərin Emalı Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesi Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir, həmçinin onlara İnternet üzərindən videokonfrans sistemi vasitəsilə distant mühazirələr oxunur.

Qeyd olunub ki, AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam kimi İnternet xidmətləri göstərilir. 1 Gbit/s sürətlə Pan-Avropa elm və təhsil şəbəkəsinə (GEANT) qoşulmuş AzScienceNet-in hesablama gücü 17 Tflops, xarici yaddaşının həcmi isə 400 Tbayt-a bərabərdir.

Səfir A.Benmoussat institutda yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib, birgə əməkdaşlıq üçün lazımi köməkliyi göstərməyə hazır olduğunu deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: