Dünya şöhrətli alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevə həsr olunan "Əbədi çıraq" filmi "Mədəniyyət" kanalında yayımlanıb.
ElmTV-nin çəkiliş qrupu tərəfindən ərsəyə gəlmiş ekran əsərində görkəmli alimin şərəfli ömür yolundan, Azərbaycan elminin inkişafına, dünyada təbliğinə verdiyi töhfələrdən bəhs olunur. Filmdə tanınmış alimlərlə yanaşı, Cəlal Əliyevin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tələbələrinin də dəyərli fikirləri yer alıb.
Ekran əsərində, həmçinin akademik Cəlal Əliyevin yaratdığı AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivinin alimlə bağlı xatirələri səsləndirilir. Onun tədqiqatlarının ölkəmizdə yeni istiqamətlər müəyyənləşdirdiyi və biologiya elmi üzrə bir sıra aktual problemlərin həllinə xidmət etdiyi bildirilir.
Filmdə görkəmli alimin biokimya və biofizika sahəsindəki tədqiqatlarını genişləndirərək, ötən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika və kompüter biologiyasının banisi olduğu qeyd olunur. C.Əliyevin biologiya elminin digər elmlərlə inteqrasiyasının vacibliyini öncədən görən nadir alimlərdən olduğu vurğulanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.