Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.02.2018 16:09
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni istehsal müəssisələrinin təməli qoyulub

AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni istehsal müəssisələrinin təməli qoyulub

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurası tərəfindən təsdiq edilən yeni layihələr əsasında “Zirehli jilet” istehsalı, “Yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğaclarının və mərkəzi idarəetmə sistemləri” müəssisəsi, “İstixanalar istehsal edən mexaniki” zavodu və “Qurğuşun turşulu akkumulyatorlar” istehsal kompleksinin tikintisinə başlanılıb.

Tikinti ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Görüşün əhəmiyyətindən danışan alim bildirib ki, uzunmüddətli səmərəli fəaliyyət nəticəsində YT Parkda 6-ya yaxın rezident fəaliyyətə başlamışdır: “Görülən işlər fundamental elmlərin daha da inkişaf etməsinə və AMEA-nın elmi müəssisələrində elmlə biznesin vəhdətinin təşkilinə təkan verəcək”.

Akademik A.Əlizadə AMEA-nın biliklər iqtisadiyyatının qurulması istiqamətindəki fəaliyyətindən söz açaraq, burada innovasiya fəaliyyətinin effektiv mexanizm əsasında aparılması sahəsində dünya təcrübəsinin tətbiq edildiyini bildirib. Bu məqsədlə islahatların davam etdirildiyini deyən alim elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması istiqamətində  mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra AMEA İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev çıxış edərək YT Parkın Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. 

F.Abdullayevin sözlərinə görə, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirilmişdir. Yaxın vaxtlarda isə bir sıra məhsulların bazara çıxarılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Yanko Yanakiev iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu vurğulayaraq, bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağına əminliyini ifadə edib.

“EPC Group” MMC-nin prezidenti Reza Vəziri elm və istehsalatın birgə tətbiqinin elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərə nailiyyətlər arzulayıb.

Bolqarıstanın MONBAT şirkətinin baş icraçı direktoru Atanas Bobokov, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov və “İFS Group” həmtəsisçisi Ramin Əhmədov çıxış edərək birgə fəaliyyətin hər iki ölkənin elm və iqtisadiyyatı üçün uğurlu olacağını bildiriblər.

Türkiyədə ağıllı su sayğacları istehsalında qabaqcıl şirkətlərdən olan “Euromet” şirkətinin rəhbəri Recai Çoşkun texnoparkda tikintisinə başlanılan “Yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğaclarının və mərkəzi idarəetmə sistemləri” zavodu barədə məlumat verib. Bildirib ki, burada dünya standartlarına cavab verən yeni nəsil su sayğaclarının istehsalı nəzərdə tutulur.

Sonra Yüksək Texnologiyalar Parkında yeni rezidentlik statusu alan hüquqi layihələrə  şəhadətnamələr təqdim edilib. Akademik Akif Əlizadə rezidentliyə qəbul edilən 4 layihə rəhbərini təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirin sonunda “Zirehli jilet” istehsalı, “Yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğaclarının və mərkəzi idarəetmə sistemləri” müəssisəsi, “İstixanalar istehsal edən mexaniki” zavodu və “Qurğuşun turşulu akkumulyatorlar” istehsal kompleksinin təməlqoyma mərasimi keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: