Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2014 00:00
  • A-
  • A
  • A+

İnteqrativ biologiya və bioinformatika sahələrinin inkişafı istiqamətində mühüm tədqiqatlar aparılır

İnteqrativ biologiya və bioinformatika sahələrinin inkişafı istiqamətində mühüm tədqiqatlar aparılır

AMEA Botanika İnstitutunun alimləri eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompüter analizi sahəsində mühüm tədqiqatlar apararaq bir sıra bioinformatik analiz vasitələri əldə ediblər. İşlər institutun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin rəhbəri, akademik Cəlal Əliyev və Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun rəhbərliyi ilə həyata keçirilib. Araşdırmalar əsasında fundamental və praktiki əhəmiyyət kəsb edən bir sıra önəmli nəticələr alınıb. Elmi tədqiqatlar AR Prezidenti yanında Elmin İnkişafı Fondu və bir neçə xarici elm fondunun maliyyə dəstəyi ilə reallaşmışdır. Tədqiqatlarda ABŞ, Birləşmiş Krallıq, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının aparıcı elmi mərkəzlərinin alimləri də iştirak etmişlər.


Rəyasət Heyətinin iclasında “İnteqrativ biologiya və bioinformatika” mövzusunda məruzə ilə çıxış edən İ.Şahmuradov əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, tədqiqatların sayəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompüter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb. Ali bitkilərdə plastid və mitoxondrilərdən nüvəyə gen transferinin bir sıra təkamül və funksional xüsusiyyətləri aşkar edilib.

Bioinformatika sahəsində elmi terminlər üzrə Azərbaycan dilində ilk izahlı lüğətin tərtib olunduğunu qeyd edən məruzəçi bildirib ki, son 15 ildə biologiyanın inkişafında digər önəmli məqam müxtəlif elm sahələrindən bilik və tədqiqat vasitələrinin birgə tətbiq olunduğu elmlərarası yeni bir sahənin – inteqrativ biologiyanın formalaşması və sürətlə inkişaf etməsidir: “İnteqrativ biologiyanın əsas məqsədlərindən biri vahid sistem kimi işləyən hüceyrə, toxuma və orqanizmlərin formalaşma və fəaliyyət xüsusiyyətlərini aydınlaşdırmaqdır. Son illərdə inkişaf etmiş ölkələrin bir çoxunda inteqrativ biologiya üzrə xüsusi institut və elmi mərkəzlərdə, aparıcı universitetlərdə inteqrativ biologiya, bioinformatika, genomiks üzrə xüsusi tədqiqat və tədris bölmələrinin, proqramlarının yaradılmasına və inkişaf etdirilməsinə, beynəlxalq elmi toplantıların keçirilməsinə böyük əhəmiyyət verilir”.

İclasda bu istiqamətdə tədqiqatların genişləndirilməsinin önəmliyi vurğulanaraq, müvafiq profilli xarici elmi mərkəzlərdə bioinformatika sahəsində gənc mütəxəssislərin hazırlanması, həmçinin bioinformatika üzrə elmi terminlərin izahlı lüğətinin azərbaycan dilində nəşrinin zəruriliyi bildirildi, AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul olundu. Bundan əlavə, AMEA Rəyasət Heyəti və Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və digər ölkələrin müvafiq elmi təşkilatları ilə əməkdaşlıq etməklə, AMEA Botanika İnstitutu və AMEA Genetik Ehtiyatlar İnstitutu tərəfindən ölkə üçün səciyyəvi olan bir bitki genomunun nukleotid ardıcıllığının oxunması və annotasiyası üzrə birgə layihənin hazırlanması və həyata keçirilməsinə dair qərar da qəbul edildi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: