AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının prezidentliyinə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında fəal iştirak edir.
11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Kampaniya çərçivəsində növbəti görüş “Neft Daşları” qəsəbəsinin seçiciləri ilə keçirilib. Görüşdə akademik Rasim Əliquliyev, eləcə də, YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev iştirak ediblər.
Seçicilərin görüşünə gələn təbliğat-təşviqat kampaniyasının üzvləri əvvəlcə Neft Daşlarında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra Neft Daşlarında yaradılmış Heydər Əliyev muzeyinə baxış keçirilib, möcüzələr adasının tarixini əks etdirən müxtəlif tarixi fotoşəkillərə, stendlərə nəzər salınıb.
Görüş Neft Daşlarında fəaliyyət göstərən akt zalında davam etdirilib. Görüşdə Rasim Əliquliyev çıxış edərək bildirib ki, seçicilər Prezident İlham Əliyevin xidmətləri nəticəsində son 15 ildə ölkədə gedən sürətli inkişafın uğurlu nəticələrini öz şəxsi həyatlarında hiss ediblər. “Ona görə də bu gün Vətənini, dövlətini sevən hər bir vətəndaş cənab İlham Əliyevə səs verəcək”, – deyən alim ölkə Prezidentinin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər gördüyünü vurğulayıb. Akademikin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirən cənab İlham Əliyev hər bir vədini konkret əməli işi ilə təsdiqləməklə xalqın ona olan inamını, etimadını daha da artırmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.