Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.04.2018 17:30
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

Tədbirdə AMEA ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən işlərin vəziyyəti müzakirəyə çıxarılıb. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, hazırda BNTİ-də Azərbaycandan 19 mütəxəssis çalışır. Natiq BNTİ-yə səfər çərçivəsində monitorinq keçirildiyini, azərbaycanlı əməkdaşların hesabatlarının dinlənildiyini söyləyib. Alimlərin fəaliyyətinin qənaətbəxş hesab olunduğunu deyən natiq əməkdaşlığın səmərəli davamı üçün bir sıra zəruri tədbirləri diqqətə çatdırıb.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA ilə BNTİ arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən işlərin vəziyyətinin qənaətbəxş hesab edilməsini qərara alıb. Həmçinin Azərbaycan Respublikası hökumətinin BNTİ-dəki Səlahiyyətli Nümayəndəsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədova müvafiq tapşırıqlar verilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın 2017-ci ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi ilə bağlı olub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, AMEA üzvlərinin, elmi bölmə və müəssisələrin, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, müvafiq nazirliklərin elmi müəssisələrinin təqdim etdikləri materiallar əsasında hesabat məcmuəsinin layihəsi hazırlanıb. Hesabatda AMEA-da, eləcə də respublikanın digər elm və təhsil müəssisələrində 2017-ci ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti, akademiyanın fəaliyyətinin digər göstəriciləri yer alıb. Rəyasət Heyəti AMEA-nın 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın bəyənilməsi və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim olunması haqqında qərar qəbul edib.

Rəyasət Heyəti akademik Heydər Hüseyno­vun 110 illik, AMEA-nın müxbir üzvü Qaraş Mədətovun isə 90 illik yubileylərinin qeyd olunmasını qərara alıb, məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: