Aprelin 20-də AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti iclası keçirilib.
Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq bölməyə daxil olan elmi müəssisələrdə 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında müzakirə aparılıb və dissertasiya mövzuları barədə məlumat verilib. Akademik Teymur Kərimli bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 24 nəfərin qəbul olunduğunu diqqətə çatdırıb. Natiq vurğulayıb ki, dissertasiya mövzuları doktorantlara verilməzdən əvvəl elmi müəssisələrdə müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmalıdır. Alim mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsini tövsiyə edib.
Müzakirələrdən sonra doktorantların dissertasiya mövzuları təsdiq olunub və Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
Tədbirdə bölmənin elmi müəssisələrində struktur dəyişiklikləri ilə bağlı məsələlərə baxılıb. Bölmənin qərarı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin nəzdində Ədəbi cərəyanlar sektorunun yaradılması, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Şirvani adına Aran regional şöbəsinin Aran regional filialı adlandırılması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Gündəlikdə yer alan növbəti məsələ AMEA alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün elan olunan müsabiqə haqqında olub. Müzakirədən sonra bölmə üzrə namizədlərin təsdiqi və müsabiqəyə təqdim edilməsi qərara alınıb.
Sonda bir sıra kadr məsələsinə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.