AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.
Konfrans Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən baş tutub.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, sözügedən sərəncam 31 mart soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramın göstəricisidir. Alim erməni millətçilərinin müxtəlif vaxtlarda “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiklərini diqqətə çatdırıb. O, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Stepan Şaumyan və Andranik Ozanyanın rəhbərlik etdiyi erməni daşnak silahlı dəstələrinin Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə on minlərlə azərbaycanlını amansızcasına qətlə yetirdiyini, tarixi, mədəni abidələrimizi, məscidlərimizi dağıtdıqlarını söyləyib.
Akademik İ.Həbibbəyli hadisələrə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və 1998-ci il martın 26-da ulu öndərin imzaladığı fərmanla 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini deyib. O, bu fərmandan sonra ermənilərin xalqımıza qarşı törətdiyi faciələrin araşdırılması və dünyaya yayılması işinin geniş vüsət aldığını, tədqiqat işlərinin, kitabların ərsəyə gəldiyini bildirib.
Alim ölkə başçısının Sərəncamından irəli gələrək AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində 1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı silsilə tədbirlərin keçirildiyini, bir sıra kitabların nəşr edildiyini diqqətə çatdırıb.
Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli çıxış edərək XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dörd dəfə soyqırım aktının törədildiyini və deportasiyaların həyata keçirildiyini söyləyib. Bildirib ki, 1905-1907, 1917-1920, 1948-1953 və 1988-1994-cü illərdə on minlərlə azərbaycanlı qətlə yetirilib, soydaşlarımız öz tarixi torpaqlarından didərgin salınıblar.
T.Kərimli soyqırım faktının hələ 1918-ci ildə təhqiqat və istintaq materialları ilə sübuta yetirildiyini və bu gün həmin sənədlərin tam şəkildə ortaya qoyularaq dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. professor Aybəniz Əliyeva-Kəngərlinin “Erməni vandalizmi”, institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Paşa Kərimovun “1918-ci ilin mart hadisələri sənədlərdə (Əlyazmalar İnstitunun materialları əsasında)”, fil.ü.e.d., professor Kamandar Şərifovun “Məhv edimiş kitabxana”, fil.ü.e.d. professor Nailə Səmədovanın “Qanlı hadisələrin xatirələrdə əksi”, fil.ü.f.d., dosent Əzizağa Nəcəfovun “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində mart soyqırımı faktları” adlı məruzələri dinlənilib.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.