Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.04.2014 00:00
  • A-
  • A
  • A+

“Qondarma erməni soyqırımı və tarixi həqiqətlər” mövzusunda elmi sessiya keçirildi

“Qondarma erməni soyqırımı və tarixi həqiqətlər” mövzusunda elmi sessiya keçirildi

Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər” mövzusunda elmi sessiya keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Gövhər Baxşəliyeva qeyd etdi ki, qondarma erməni soyqırımını dünya xalqlarına həqiqət kimi tanıtdırmaq üçün geniş miqyaslı tədbirlər görüldüyü bir zamanda ermənilərin ötən əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı, talanları həyata keçirdiyinə dair faktları dünya ictimaiyyətinə çatdırmalıdır. İnstitutda bu istiqamətdə aparılan işlərdən söz açan G.Baxşəliyeva Arazın hər iki tayında ermənilərin törətdiyi soyqırımdan bəhs edən və İranda nəşr olunan kitabların tərcümə edildiyini, Bakı, Quba, Şamaxıda 1918-ci ildə törədilən soyqırım, talanlarla bağlı rəsmi sənədlərin aşkarlanaraq kitab şəklində bir neçə dildə dünya ictimaiyyətinə çatdırıldığını bildirdi.

Daha sonra “1915-ci ildəki qondarma erməni soyqırımına münasibət” mövzusunda məruzə ilə çıxış edən institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, iqtisadiyyat üzrə elmlər doktoru İnqilab Əlibəyov qondarma erməni soyqırımının uydurma olduğunu konkret faktlarla diqqətə çatdırdı.

İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova konkret tarixi faktlardan söz açaraq, ermənilərin həmin dövrdə apardıqları məkrli siyasəti ifşa edən məlumatları diqqətə çatdırdı.

“1918-ci ildə Cənubi Azərbaycandakı ermənilərin törətdiyi soyqırımı haqqında” mövzusunda məruzə ilə çıxış edən institutun Cənubi Azərbaycan tarixi şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bije həmin dövrdə Cənubi Azərbaycanın Qərb bölgəsində erməni daşnaklarının asorularla birlikdə törətdikləri qırğınlardan danışdı: “1918-ci ilin fevralından başlamış və həmin ilin iyun ayında türk ordusunun köməkliyi ilə Xoy şəhərinin mühasirədən qurtarması ilə başa çatmış bu hadisələrdə rəsmi məlumatlara görə 150-200 min nəfər azərbaycanlı qətlə yetirilmiş, minlərlə ev talan edilmiş, çoxsaylı zorakılıqlar, cinayətlər həyata keçirilmişdir”.

Daha sonra Şərq-Qərb şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova və başqaları çıxış edərək, ermənilərin türk xalqlarına qarşı törətdiyi qırğınlardan və apardıqları məkrli siyasətdən danışdılar.

Sonda çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Ahmet Arslan ermənilərin qondarma soyqırımını dünya ictimaiyyətinə tanıtdırmaq istiqamətində görülən işlərdən söz açdı, Türkiyə və Azərbaycan dövlətlərinin təbliğatla bağlı apardığı fəaliyyətdən danışdı. Sessiyadakı elmi məruzə və çıxışları yüksək dəyərləndirən S.Ahmed Arslan institutun rəhbərliyinə təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: