Müasir tibb İnterneti təhlükəli düşməni hesab edir. Bunu həkimlər arasında keçirilmiş sorğu göstərib. Onların fikrincə, dünyada hər-hansısa bir xəstəliklə bağlı simptomların axtarışı və hətta özünümüalicə üçün şəbəkəyə müraciət edənlərin sayı getdikcə artmaqdadır.
The Times of India” qəzetinin yazdığına görə, ipoxondriklərin (bir və ya bir neçə xəstəliyə tutulmaq ehtimalından daim narahat olan insan) yeni nəsli mütəxəssislərdən daha çox İnternet-forumlara etibar edir ki, bu da həkimlərin işini çətinləşdirir.
İnternet-nəşr bu yaxınlarda 27 şəhərdə keçirilən sorğuların nəticələrinə əsaslanır. Sorğuda 650 həkim iştirak edib. Onlardan 44%-i pasiyentlərinin şəbəkədəki “tibbi informasiya” ilə həddindən artıq yükləndiyini bildirib. 37%-i isə vurğulayıb ki, əksər pasiyentlər özlərini tibb sahəsində ekspert hesab edir. Həkimlərin 50%-i etiraf edib ki, İnternetin sayəsində onların xəstələrlə münasibətləri daha da çətinləşib. 90%-i isə pasiyentlərin öz simptomlarını şəbəkədəki məlumatlarla tutuşduraraq səhhətlərinin daha acınacaqlı vəziyyətdə olduğunu düşündüyünü bildirib.