Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş sərgi keçirildi
28.04.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş sərgi keçirildi

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümə həsr edilmiş sərgi-təqdimat keçirildi.

Tədbiri giriş sözü ilə açan MEK-in direktor müavini Firəngiz Hüseynova Zərifə Əliyevanın intellektual keyfiyyətləri özündə birləşdirən alim, böyük elmi axtarışlarla dolu ömür yolu keçmiş ictimai xadim, yüksək mənəvi keyfiyyətlərini qoruyan görkəmli həkim, gözəl ana, vəfalı ömür-gün yoldaşı kimi rəğbət qazandığını bildirdi. İnsanlara olan humanizm duyğusunu seçdiyi peşəsində xüsusilə əks etdirdiyini vurğulayan F.Hüseynova alimin göz həkimi kimi insanlara nur bəxş etməsini, tarixin ona böyük tale və missiya olaraq verdiyini söylədi.

Sonra mərkəzin əməkdaşı Aytən Rəhimli tədbir iştirakçılarına sərgi haqqında geniş məlumat verdi.

Sərgidə görkəmli alimin həyatı və elmi fəaliyyətlərini əks etdirən ədəbiyyat nümayiş etdirildi. Onun əsərlərindən “Возрастные изменения глаза и зрительно-нервного пути” (1980), “Академик Зарифа Алиева” (1981), “Профессиональная паталогия органа зрения” (1988), “Туберкулез органа зрения” (2001), və s. monoqrafiyaları haqda məlumat verilmiş, bundan başqa, görkəmli alimə həsr edilmiş “Akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilir /75 illiyinə/”, “Yüksək əqidə”, “Qaranlığa nur saçan zəka” və Q.Mirələmovun “Зарифа Алиева” (2010) adlı kitabları, onun haqqında dövrü mətbuatda nəşr edilmiş məqalələri, xatirə yazıları və s. materiallar sərgiləndi.

Sərgidə Azərbaycan və xarici dillərdə 200-dən çox ədəbiyyat, virtual görüntülər, Zərifə Əliyeva haqqında video film və foto materiallar nümayiş olundu.

Tədbir zamanı MEK-in hazırladığı “Zərifə Əziz qızı Əliyeva: biobiblioqrafiya” kitabının təqdimatı da keçirildi. Göstəriciyə alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və s. daxil edilmişdir. Kitabda alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri; Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haqqında; Əsərlərinin biblioqrafiyası; Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat əks olundu.

Sərgidə təqdim olunan AMEA prezidenti, akademik Akif Əlizadənin “Böyük insan, unudulmaz alim” adlı məqaləsində, akademik Əhliman Əmiraslanovun “Zərif Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri geniş işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: