AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), “Azərkosmos” ASC və Milli Aviasiya Akademiyasının birgə layihəsi olan və Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib.
ŞAR-da baş tutan müzakirələrdə Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Kosmos fizikası kafedrasının professoru, f-r.e.d., S.Svertilov, D.V.Skobelçin adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.f.d., V.Osedlo, həmin institutun aparıcı elmi işçisi, f.-r.f.d., Y.Popova, Milli Aviasiya Akademiyasının Yeni texnika və texnologiyanın işlənməsi şöbəsinin müdiri, f.-r.ü.f.d., A.Musayev və Aviasiya mikroelektron vericiləri şöbəsinin müdiri R.İbrahimov iştirak ediblər.
İclası ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq qonaqlara rəsədxanada yerinə yetirilən elmi-tədqiqat işləri barədə məlumat verib.
Sonra ŞAR-ın elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dos. Xıdır Mikayılov “Rəsədxanadakı teleskoplar və istifadə olunan müşahidə cihazları” və Ulduz atmosferləri və maqnetizm şöbəsinin müdiri, f.-r.ü.f.d.,dos. Canməmməd Rüstəmov “Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələr dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar ŞAR-ın 2 metrlik teleskopuna baxış keçiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.