Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.06.2018 13:42
  • A-
  • A
  • A+

AMEA-da akademik Əhəd Yaqubovun 110 illiyinə həsr olunan tədbir keçirilib

AMEA-da akademik Əhəd Yaqubovun 110 illiyinə həsr olunan tədbir keçirilib

İyunun 14-də AMEA-nın Əsas binasındakı Dairəvi akt zalda ölkəmizdə palçıq vulkanizmi sahəsi üzrə görkəmli geoloq-alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları birinci Fəxri xiyabana gələrək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Yubiley mərasimini giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tədbirin Prezident İlham Əliyevin “Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 29 mart tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.

Akademik A.Əlizadə bildirib ki, Əhəd Yaqubov Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verib, yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib. Onun verdiyi proqnoz nəticəsində sonralar Neft Daşları, Səngəçal-dəniz, Duvannı (Zənbil) adası, Bulla (Xərə-Zirə) adası kimi zəngin neft yataqları aşkar edilib.

Azərbaycanın palçıq vulkanlarının hərtərəfli tədqiqinin, palçıq vulkanizminin elmi və praktik məsələlərinin araşdırılmasının akademik Əhəd Yaqubovun adı ilə bağlı olduğunu deyən AMEA rəhbəri onun 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının İ.Qubkin adına Geologiya İnstitutunda keçmiş SSRİ-də ilk palçıq vulkanizmi laboratoriyasını təşkil etdiyini, həmçinin Almaniyada “Azərbaycanın palçıq vulkanları atlası”nı nəşr etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin atlas SSRİ-nin tanınmış alim və istehsalatçıları tərəfindən palçıq vulkanizmi üzrə ensiklopedik vəsait kimi qiymətləndirilib.

AMEA-nın prezidenti görkəmli alimin həm də böyük ictimai xadim olduğunu söyləyərək, onun müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK katibinin müavini və MK-nın neft sənayesi üzrə şöbə müdiri, SSRİ-nin İrandakı səfirliyinin məsləhətçisi – işlər vəkili olduğunu bildirib.

Ə.Yaqubovun neft-qaz sahəsindəki xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik A.Əlizadə onun iki dəfə “Lenin”, “Şərəf nişanı” və “Oktyabr inqilabı” ordenləri, Böyük Vətən müharibəsində “Qafqazın müdafiəsinə görə”, “Rəşadətli əməyə görə” medalları ilə təltif edildiyini, həmçinin SSRİ-nin “Fəxri neftçisi” adına, iki dəfə birinci dərəcəli SSRİ Dövlət Mükafatına layiq görüldüyünü vurğulayıb. Qeyd edib ki, Ə.Yaqubovun elmi və təşkilatı fəaliyyəti Azərbaycan geoloq alimlərinin gənc nəsli üçün ibrətamiz həyat örnəyidir.

Sonra AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, g-m.ü.e.d., professor Adil Əliyevin “Akademik Ə.Ə.Yaqubov Azərbaycanda palçıq vulkanizminin banisidir” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, akademik Ə.Yaqubov indiki Azərbaycan Neft və Sənaye Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Geoloji sektorun əməkdaşı və elmi katibi vəzifəsində çalışıb. O, 200-dən çox elmi əsərin və hesabatın, o cümlədən 20 kitab və dərs vəsaitinin müəllifi olub. Alimin bir qrup müəlliflə birgə yazdığı “SSRİ-nin neftli-qazlı əyalətləri və vilayətləri” dərsliyi İ.Qubkin mükafatına layiq görülüb. Bütün həyatını palçıq vulkanlarının öyrənilməsinə həsr etmiş Ə.Yaqubovun arzusunu onun vəfatından sonra tələbələri və ardıcılları həyata keçiriblər.

Professor A.Əliyev alimin rəhbərliyi ilə Geologiya İnstitutunda yaradılan laboratoriyanın hazırda palçıq vulkanizmi problemi üzrə əsas elm mərkəzi kimi tanındığını bildirib. Qeyd edib ki, 1974-cü ildə tərtib edilən “Azərbaycanın palçıq vulkanları” xəritə-maketə görə Ə.Yaqubov SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin gümüş medalına, Geologiya İnstitutu isə birinci dərəcəli diploma layiq görülmüşdü.  

Akademik Ə.Yaqubovun adının Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutuduğunu, hələ uzun illər gələcək nəsillər üçün nümunə olacağını deyən natiq görkəmli alimin xatirəsinin hər zaman əziz tutulacağını bildirib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı "Ə.Ə.Yaqubov: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi – görkəmli alim-geoloq" mövzusunda məruzə ilə çıxış edib. Alim akademik Ə.Yaqubovun XX əsr Azərbaycan elminin parlaq simalarından biri kimi səciyyələndirərək, onun ADNSU-nun sələfi, o zamankı Azİİ-də təhsil aldığı və daha sonra çalışdığı dövr haqqında məlumat verib.

1941-ci ildə Ə.Yaqubovun SSRİ Elmlər Akademiyasının Yanar Qazıntı Yataqları İnstitutunun Elmi Şurasında görkəmli akademik Zelinskinin sədrliyi ilə keçirilən müdafiədə birbaşa doktor dərəcəsi aldığını söyləyən rektor onun palçıq vulkanları üzrə tanınmış alim olduğunu vurğulayıb.

M.Babanlı bildirib ki, 70 illik ömrünün 45 ilini palçıq vulkanları probleminə və neft-qaz yataqlarının axtarışına həsr edən akademik Ə.Yaqubov Moskvada Qubkin adına Neft İnstitutuna rəhbər olmaq təklifini qəbul etməyərək həyatını xalqına, gələcək geoloq-neftçilərin, o cümlədən vulkanoloqların yetişdirilməsinə həsr edib. Əzmkar fəaliyyəti ilə özündən sonra elmi məktəb qoyan alim Azərbaycan dilində geologiya sahəsində ilk dəfə yazılan dərsliklərin, bir sıra elmi-metodik işlərin müəllifi olub.

Daha sonra akademik Xoşbəxt Yusifzadə, geologiya-minerologiya elmləri doktoru Rahid Rəhmanov,Yer elmləri üzrə fəlsəfə doktoru Adilə Kabulova və digərləri çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə akademik Əhəd Yaqubovun həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib.

Sonda alimin ailəsi adından çıxış edən Rasim Yaqubov atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: