Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru ilə görüş keçirilib
10.09.2018 16:10
  • A-
  • A
  • A+

AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru ilə görüş keçirilib

Sentyabrın 10-da Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov AMEA Rəyasət Heyətində BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formozanı qəbul edib.

Görüşdə herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə tədqiqat layihələri üçün ölkənin potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Akademik Ə.Əmiraslanov Azərbaycanın uzunömürlülər diyarı kimi qəbul edildiyini söyləyərək, herontologiya sahəsi üzrə AMEA-nın müvafiq institutlarında, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda görülən işlərin yüksək fundamental və praktiki əhəmiyyətini, bu istiqamətdə aparılan tədqiqatlarda mövcud imkanlardan istifadə olunmasının zəruriliyini vurğulayıb.

Daha sonra Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova rəhbərlik etdiyi müəssisədə herontologiya sahəsində həyata keçirilən elmi tədqiqat layihələrinin nəticələri barədə məlumat verib.

Görüşdə professor Marvin Formoza Fiziologiya İnstitutunda sözügedən sahədə əldə edilən təcrübənin əsas götürüldüyünü qeyd edərək, həmin institutun BMT-nin Qocalma İnstitutunun regional mərkəzi olaraq seçildiyini deyib.

Qeyd edək ki, professor M.Formozanın səfəri sentyabrın 14-nə qədər davam edəcək. Səfərin proqramına yüksək uzunömürlülük indeksi ilə fərqlənən Lənkəran rayonunda Fiziologiya İnstitutunun həyata keçirdiyi “Uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi” proqramının iştirakçıları ilə görüşlər daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: