Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.09.2018 10:13
  • A-
  • A
  • A+

Bolqarıstan Elmlər Akademiyasının sədri Arxeologiya və Etnoqrafiya İnstitutunda olub

Bolqarıstan Elmlər Akademiyasının sədri Arxeologiya və Etnoqrafiya İnstitutunda olub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinin tərkibinə BEA-nın sədr müavini, professor Vasil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və  Sofiya şəhər merinin müavini, arxeologiya üzrə fəlsəfə doktoru Todor Çobanov daxil idilər.

Görüşdə institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova son illərdə arxeologiya və etnoqrafiya sahələri üzrə aparılan tədqiqatlar, müəssisənin beynəlxalq əlaqələri, həmçinin müasir texnologiyaların tətbiqi ilə yeni elmi-tədqiqat istiqamətlərinin yaradılması sahəsində görülən işlərdən danışıb.

M.Rəhimova Arxeologiya və Etnoqrafiya İnstitutu ilə BEA-nın Milli Arxeologiya İnstitutu arasında imzalanmış memorandumun hər iki ölkənin arxeoloqlarının gələcək birgə əməkdaşlığı üçün zəmin yaratdığını vurğulayıb.

Akademik Yulian Revalski isə Azərbaycan və Bolqarıstan arxeoloq və etnoloqlarının birgə tədqiqatlarına, təcrübə mübadilələrinə lazımi dəstəyi göstərəcəklərini söyləyib.

Görüşdən sonra BEA-nın nümayəndə heyəti Arxeologiya və Etnoqrafiya İnstitutunun muzey-sərgi zalı ilə tanış olublar. İnstitutun Elmi ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d. Fərhad Quliyev sərgilənən maddi-mədəniyyət nümunələri, Azərbaycan arxeologiyasının inkişaf mərhələləri, işğal edilmiş ərazilərdəki arxeoloji abidələr və aparılan son tədqiqatlar zamanı əldə olunan nəticələr barədə qonaqlara məlumat verib. 

Qeyd edək ki, görüşdə AR Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: