Sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyi çərçivəsində xatirə barelyefi açılıb.
Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyətinin üzvləri, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, BDU-nun əməkdaşları və digər şəxslər iştirak ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək H.Abdullayevin Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmasından, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirməsindən, ümumdünyəvi fizika elminin əsas simalarından biri olmasından bəhs edib. Bundan əlavə, alimin 36 il Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək isə Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi gördüyü işlərdən danışıb.
Tədbirdə digər çıxış edənlər akademikin fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənilməsi, respublikanın ayrı-ayrı təbii sərvətlərinin daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlarından söz açıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.