Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.10.2018 14:29
  • A-
  • A
  • A+

“Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb işə başlayıb

“Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb işə başlayıb

Oktyabrın 8-də Bakıda “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb işə başlayıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, eləcə də BMT-nin Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitəsinin, Elm üzrə Beynəlxalq Şuranın nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin, Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Oktyabrın 13-dək davam edəcək tədbirin məqsədi kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və kadr hazırlığının təkmilləşdirilməsidir.

Əvvəlcə çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev ölkəmizdə kosmik sənaye sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, bu sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Beynəlxalq məktəbin təşkilinin əhəmiyyətindən danışan E.Babayev bildirib ki, Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantlar burada Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərini artıracaq, nailiyyətlərini geniş ictimaiyyətə təqdim edəcək və birgə fikir mübadiləsi aparacaqlar. O, məktəbin iştirakçılarının elmi komitə tərəfindən müsabiqə yolu ilə seçildiyini diqqətə çatdırıb.

Azərbaycanın dünyanın kosmik sənaye sahəsində böyük təcrübəyə malik aparıcı şirkətləri ilə sıx əməkdaşlıq etdiyini deyən E.Babayev bu cür məktəblərin təşkilinin beynəlxalq təcrübənin öyrənilməsi və yüksəkixtisaslı peşəkar kadr potensialının möhkəmləndirilməsi baxımından faydalı olduğunu bildirib.

Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə azərbaycanlı alimlərin kosmik sahədə dünya elminə verdiyi töhfələrdən danışıb. Ölkəmizdə kosmik sənayenin inkişafına, yüksək texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini deyən alim Bakıda yeni fəaliyyətə başlayan “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəbin gənc alimlərin elmi potensialının gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

AMEA rəhbəri qeyd edib ki, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. O, 2010-cu ildə yaradılan “Azərkosmos” ASC-nin Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatoru olduğunu bildirib.

Son 5 ildə ölkəmizə aid 3 – “Azerspace-1”, “Azərsky” və cari ilin sentyabr ayında “Azerspace-2” adlı peyklərin orbitə buraxıldığını deyib: “Bu da müştərilərə peyk rabitəsi əsasında yayım və genişzolaqlı İnternet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə imkan verir”.

Akademik A.Əlizadə bildirib ki, Azərbaycanın kosmik uğurlarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1974-cü ildə Akademiyanın tərkibində yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyi (hazırda müstəqil qurum kimi çalışan “Azərkosmos”) ilə yanaşı, AMEA-nın elmi-tədqiqat institutlarının, rəsədxanaların da böyük payı vardır. 

Ölkə Prezidenti İlham Əliyevin - “Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Eyni zamanda, Azərbaycanın kosmik sənayesinin inkişafı kadr hazırlığı üçün önəmli rol oynayır” – sözlərini xatırladan alim ölkəmizdə kosmik sənayenin  inkişafının bundan sonra daha da sürətlənəcəyinə inamını ifadə edib.

Cari il oktyabrın 3-də Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının filialının açıldığını diqqətə çatdıran AMEA rəhbəri burada kosmik sahədə tədqiqatların aparılması üçün yüksəkixtisaslı kadr hazırlığının həyata keçiriləcəyini deyib. Bildirib ki, bu addım kosmik tədqiqatlar sahəsində müasir dövrün tələblərinə cavab verən müxtəxəssislərin hazırlanmasına təkan verəcək.

AMEA ilə “Azərkosmos” ASC arasındakı mövcud əlaqələrdən də danışan akademik A.Əlizadə bu təşkilatın Akademiyanın institut və təşkilatları ilə birgə elmi tədqiqatlarda iştirak etdiyini bildirib. Qeyd edib ki, kosmik tədqiqatların inkişafı, bu sahədə əldə olunan nailiyyətlər müvafiq sahədə beynəlxalq əməkdaşlığın yüksələn xəttlə inkişafına zəmin yaradacaqdır.

Daha sonra NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin aparıcı alimi, Elm üzrə Beynəlxalq Şuranın nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin prezidenti və Beynəlxalq Kosmik Hava Təşəbbüsü Proqramının icraçı direktoru Nat Qopalsvami, ABŞ-ın Merilənd Universitetinin fəxri professoru, akademik Roald Saqdeyev çıxış edərək beynəlxalq aləmdə kosmik tədqiqatlar üzrə tanınmış ekspertlərin Bakıya toplaşmasının Azərbaycanda bu sahənin tərəqqisi üçün geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.

Tədbirdə Nat Qopalsvami "Günəş mənbələri və kosmik hava", Roald Saqdeyev "Hava anlayışını təmin etməyə dair plazma fizikasının alətlər və üsulları" və BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsinin nümayəndəsi Şərafət Qədimova “Birləşmiş millətlərin Kosmik hava şəraitinin müasir cəmiyyətə təsiri” mövzusunda təqdimatlarla çıxış ediblər.

Beynəlxalq məktəbin işində NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Universiteti, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyası, həmçinin Azərbaycanın elm və təhsil qurumlarından olan tanınmış alim və mütəxəssislərin çıxışları nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: