AMEA-nın Ədəbiyyat İnstitutunda Türkiyənin Anadolu Universitetinin professoru Muhsin Macitin nəşrə hazırladığı "Şah İsmayıl Xətainin divanı" kitabının təqdimatı keçirilib.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq kitabın nəşrinin M.Macitin uzun illər apardığı elmi tədqiqatlarının məntiqi nəticəsi olduğunu bildirib. İ.Həbibbəyli kitaba Türkiyə prezidenti, baş naziri, eləcə də Mədəniyyət və Turizm nazirinin "Ön söz" yazdığını diqqətə çatdırıb və bunun qardaş ölkədə Şah İsmayıl Xətaiyə verilən yüksək dəyərdən irəli gəldiyini söyləyib.
Ş.İ.Xətainin qılıncı ilə olduğu kimi, qələmilə də qüdrətli şəxsiyyət olduğunu deyən akademik nəşrdə görkəmli dövlət sərkərdəsinin həyatı, əsərləri, həmçinin əlyazmasının şərhlərlə oxucuya təqdim edildiyini vurğulayıb. Akademik Xətainin qısa həyatı dövründə zəngin və çoxcəhətli irs yaratdığını, həm epik, həm də lirik janrlarda qələmə aldığı əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirdiyini qeyd edib.
Alim SSRİ dövründə Xətainin dini şeirlərinin Azərbaycan xalqından gizlədildiyini, nəhayət ölkəmizin müstəqillik qazandıqdan sonra klassikimiz haqqında həqiqətlərin gün üzünə çıxdığını bildirib.
O, əsərin çapının iki ölkə arasında elm, təhsil, ədəbiyyat, mədəniyyət əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyini deyib, nəşrin Azərbaycan alimlərinin gələcək tədqiqatları üçün dəyərli mənbə olduğunu diqqətə çatdırıb.
Sonra Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir çıxış edərək tarixən türk hökmdarlarının elmə, təhsilə, incəsənətə yüksək dəyər verdiyini vurğulayıb. Qeyd edib ki, Şah İsmayıl Xətai də belə hökmdarlardan biri olub və onun hakimiyyəti illərində alimlər, sənətkarlar və ədəbiyyat xadimləri daima himayə edilib. O, professor M.Macitin uzun illər apardığı tədqiqatlarının "Şah İsmayıl və şairliyi", "Şah İsmayıl və əsərləri" və "Xətai divanının tənqidli mətninə doğru" yarımbaşlıqları ilə oxucuya təqdim olunduğunu deyib.
Tədbirdə, həmçinin filologiya üzrə elmlər doktorları - Məhərrəm Qasımlı, Əlizadə Əsgərli, Paşa Kərimov, Fəridə Əzizova, İmamverdi Həmidov və Zəkulla Bayramlı çıxış edərək kitabın çapının önəminə toxunub, nəşrdə yer alan əlyazma və şərhlərlə bağlı fikirlərini söyləyiblər.
Sonda kitabı çapa hazırlayan Muhsin Macit çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.