Oktyabrın 31-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib. Tədbir çərçivəsində Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı, həmçinin Mir Cəlal Paşayev və Firidun Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs edib. O, ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunan yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.
Bildirilib ki, professor Mir Cəlal Paşayevin sadə, səlis dili, özünəməxsus yaradıcılıq üslubu, insanlara və hadisələrə aydın yanaşma tərzi olub. “Bir gəncin manifesti” romanı yazıçının yaradıcılığında xüsusi yer tutur. Böyük alim bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edib.
Altmış il əvvəl, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyinin Azərbaycanda qeyd edildiyini xatırladan akademik R.Hüseynov Mir Cəlal Paşayevin həmin il nəşr etdirdiyi “Füzuli sənətkarlığı” kitabını ölkəmizdə müasir füzulişünaslığın əsasını qoyan əsər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, görkəmli ədib 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, sonralar isə həmin əsəri təkmilləşdirərək “Füzuli sənətkarlığı” adı ilə nəşr etdirib. R.Hüseynov “Ədibin Evi” tərəfindən Mir Cəlalın 110 illik yubileyi münasibətilə yenidən çap olunan bu fundamental əsəri ədəbiyyatşünaslıq elminin qızıl nüsxəsi kimi dəyərləndirib.
Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Mir Cəlal Paşayevin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu böyük şəxsiyyət təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanıb. Akademik Akif Əlizadə özünün də bir şəxsiyyət kimi formalaşmasında Mir Cəlal Paşayevin nümunəvi həyatının böyük rolu olduğunu, bu böyük yazıçının Azərbaycan ədəbiyyatı tarixində pedaqoq, alim və ədib kimi ən yüksək zirvəni fəth etdiyini diqqətə çatdırıb. Gənclik dövründə Mir Cəlalla görüşləri barədə xatirələrini bölüşən AMEA rəhbəri bu ailənin üzvlərinin də ölkəmizin inkişafına əvəzsiz töhfələr verdiklərini, ədibin övladları və nəvələrinin Azərbaycanı dünyada təbliğ etdiklərini vurğulayıb.
Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin zəngin, mənalı, şərəfli bir müəllim, alim, yazıçı ömrü yaşayan Mir Cəlal Paşayevin səmərəli elmi-pedaqoji fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, Mir Cəlal həm ata, həm müəllim, həm də ədəbiyyatşünas kimi xoşbəxt bir insan idi. Eyni zamanda, o, çox xoşbəxt bir yazıçı idi. Mir Cəlalın mənəvi dünyası əzəmətli, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, alim sistemə deyil, Azərbaycan ədəbiyyatının tarixinə xidmət edirdi.
Mərasimdə akademik Vasim Məmmədəliyev, Mir Cəlalın tələbəsi olmuş AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və Xeyrulla Əliyev, Feyzulla Qasımzadənin qızı Nigar Qasımzadə, Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qocaman əməkdaşı Cümşüd Muradov, professor Abdulla Abbasov çıxış edərək görkəmli yazıçı Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb, onun şərəfli ömür yolunun nəsillərə layiq örnək olduğunu vurğulayıblar.
Sonda alimin oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev atasının yaradıcılıq fəaliyətini yüksək dəyərləndirdiklərinə və xatirəsini yad etdiklərinə görə təşəkkürünü bildirib.
Hafiz Paşayev, həmçinin məktəb illərində atasının ona muğam üstündə oxunan qəzəllərin sözlərini izah etməsi ilə bağlı xatirələrini bölüşüb.
Tədbirdə Aqil Məlikov və Hüseyn Məlikovun ifa etdikləri muğamlarda Füzuli qəzəlləri səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.