Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2018 15:44
  • A-
  • A
  • A+

“Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

“Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Noyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Layihənin məqsədi ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, gənclərin elmə marağının artırılması, texniki, təbiət, humanitar və sosial elmlər arasında əlaqələrin gücləndirilməsidir.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın elm adamlarının və ümumilikdə ictimaiyyətin diqqətini humanitar, texniki və təbiət elmləri arasında əməkdaşlığın vacibliyi, elmi problemlərin həllində multidissiplinar yanaşmaların və innovasiya texnologiyalarının inkişaf etdirilməsinin zəruriliyinə yönəltmək baxımından əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, konfrans müxtəlif elmi istiqamətlər üzrə çalışan alimlər üçün təcrübə mübadiləsi aparmağa geniş imkanlar yaradacaq.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda məruzə ilə çıxış edib. Konfransın humanitar, texniki və təbiət elmlərində mövcud olan yaradıcı yanaşmaların müzakirəsinə şərait yaradacağını qeyd edib. Akademik, həmçinin MDB ölkələrinin elmi təşkilatları arasında səmərəli dialoqun və əməkdaşlığın qurulmasına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib. 

Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyevin məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra konfrans AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Azərbaycan Dillər Universitetinin professoru Səməd Seyidov, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus Milli Elmlər Akademiyasının Belarus Mədəniyyət, Dil və Ədəbiyyat Tədqiqatları Mərkəzinin Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu filialının direktoru, professor İvan Saverçenko və başqalarının elmi məruzələrinin dinlənilməsi ilə davam edib.

Konfrans çərçivəsində müxtəlif mövzuları əhatə edən dəyirmi masaların təşkili, eləcə də tədbir iştirakçılarının AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ziyarəti nəzərdə tutulur.

Konfransın növbəti hissəsi noyabrın 17-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: