Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın akademik-katibi: “Daha uğurlu gələcəyə nail olmaq üçün yüksək intellektli, dərin elmi biliklərə malik innovativ təfəkkürlü gənclik yetişməlidir”
03.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın akademik-katibi: “Daha uğurlu gələcəyə nail olmaq üçün yüksək intellektli, dərin elmi biliklərə malik innovativ təfəkkürlü gənclik yetişməlidir”

Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunundirektoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim ƏliquliyevAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Gənclərinin VII Forumunun bölmə iclasında çıxışı zamanı səsləndirdi.

 

“Yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı” adlı bölmədə istedadlı gənclərlə işin daha səmərəli təşkili ilə bağlı görülən işlərdən danışan alim bu gün ölkəmizdə gənclərin potensialının artırılması və onların inkişafı üçün geniş imkanların yaradıldığını bildirdi.

 

Alim AR Prezidenti İlham Əliyevin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncamından irəli gələn vəzifələrdən söz açdı. “Ölkəmizdə biliklər cəmiyyətinin qurulması dövlət başçısının çağırışıdır” deyə bildirən institut direktoru gənc alimlərin cəmiyyətdə əsl vətəndaş kimi yetişərək bu prosesdə fəal iştirakının vacibliyini önə çəkdi. Qeyd etdi ki, biliklər cəmiyyətinin əsas qurucuları istedadlı, savadlı, gələcəyə inamla baxan və elmə marağı olan gənclərdir.

 

“Bu gün hamımızın müəllimi İnternetdir” fikrini səsləndirən natiq Azərbaycanda son on ildə informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən danışdı. İnformasiya cəmiyyəti ideyalarının diktə etdiyi yeni reallıqlar, informasiya texnologiyalarının insanların həyatında yaratdığı problemlərdən söz açdı. Qlobal şəbəkənin imkanlarının sərhədsiz olduğunu, elə əsl təhlükənin də bundan qaynaqlandığını diqqətə çatdıraraq gəncləri İnternetdən səmərəli şəkildə, bilik və bacarıqlarını artırmaq, dünyaya inteqrasiya etmək üçün yararlanmağa səslədi.

 

AMEA-da son zamanlar aparılan islahatlar və mühüm dəyişikliklərdən danışan professor gəncləri bu elm ocağında gedən proseslərə qoşulmağa və müvafiq baza kafedralarından yararlanaraq elmi biliklərini zənginləşdirməyə dəvət etdi. Qeyd etdi ki, hazırda AMEA-da prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görülür. Əsas məqsəd ölkənin maraqlarına və dünyada gedən proseslərə uyğun gələn, cəmiyyətin inkişafına xidmət edən tədqiqatların aparılmasıdır.

 

AMEA-nın akademik-katibi gənclərin elmi fəaliyyətinin stimullaşdırılması məsələsinə də toxundu. Bildirdi ki, hər bir gənc fəaliyyət göstərdiyi sahədə uğur qazanmaq üçün müxtəlif fondların təqdim etdiyi qrant müsabiqələrində, layihələrdə iştirak etməyə maraqlı olmalıdır: “Siz gənclər dünyada gedən qloballaşma prosesini izləməli, özünüzü İnternet mühitində reallaşdırmalı və bazar iqtisadiyyatına qoşulmağı bacarmalısınız”.

 

R.Əliquliyev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən söz açaraq, şuranın innovativ gəncliyin yetişməsinə böyük töhvələr verəcəyinə əminliyini ifadə etdi: “Daha uğurlu gələcəyə nail olmaq üçün yüksək intellektli, dərin elmi biliklərə malik innovativ təfəkkürlü gənclik yetişməlidir “.

 

Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası, tanınmış beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinə də toxunan alim ingilis dilini öyrənməyin müasir dövrün tələbi olduğunu xüsusi vurğuladı.

 

Tədbirdə, həmçinin Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, AR Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və AR Prezidenti yanındaElmin İnkişafı Fondunun müşaviri Ədilə Babayeva çıxış etdilər. Gənclərin ictimai siyasi fəallığı, müasir təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, qrant layihələrində iştirakı, yaradıcı və istedadlı gəncləri narahat edən problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

Ekspertlər tədbir iştirakçılarının çoxsaylı suallarını da cavablandırdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: