İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"n məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub.
Dekabrın 10-da müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.
Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin təşviqi və reallaşdırılması strateji proqram və sənədlərdə, o cümlədən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən Strateji Yol xəritələrində öz əksini tapıb. Bu sənədlərin bir sıra hədəf və istiqamətləri BMT-nin "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi" ilə eynilik təşkil edir.
Şahin Mustafayev bu cür tədbirlərin innovasiya fəaliyyətinin stimullaşdırılması və səmərəliliyin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, elmi-tədqiqat bazasının təkmilləşdirilməsi və innovasiya fəaliyyətinin kadr potensialının inkişafı baxımından əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, müsabiqənin təşkili məqsədilə dövlət qurumları və BMT-nin nümayəndələrindən ibarət komissiya yaradılıb, ötən müddət ərzində müsabiqənin təşviqi və ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra görüşlər keçirilib, innovasiya layihələrinin qəbulunun sadələşdirilməsi üçün "ASAN xidmət"in "İdeya Bankı" platformasından istifadə olunub. O, müsabiqə çərçivəsində iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-dən çox layihə təqdim olunduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyanın əhəmiyyəti barədə danışıb, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviq edilməsinə, elmi nailiyyətlərin və innovasiyaların müxtəlif sahələrdə tətbiqinə, habelə milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.
Tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək elmi tədqiqatlar sahəsində innovativ layihələrin dəstəklənməsi üçün infrastrukturun yaradılması, insan resurslarının hazırlanması, səmərəli maliyyələşdirmə mexanizmlərinin tətbiqi, xüsusilə bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi baxımından innovasiyaların tətbiqinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün İqtisadiyyat, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Ernst and Young" şirkətinin Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb.
Sənədi İqtisadiyyat naziri Ş.Mustafayev, Mədəniyyət naziri Ə.Qarayev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ü.Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə və "Ernst and Young" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İlqar Vəliyev imzalayıblar.
Tədbirin sonunda İnnovasiya Müsabiqəsində qalib olmuş ilk üç layihənin, eləcə də həvəsləndirici mükafata layiq görülmüş layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.